BAKI, 18 avq — Sputnik. Türkiyə və ABŞ arasındakı əlaqələrin gərilməsi səbəbindən, İncirlik bazasındakı ABŞ-a aid nüvə silahlarının Rumıniyaya daşınmasına başlanıb. Sputnik xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumatlar yer alıb.
İncirlikdəki mənbə nəqli təsdiqləyərək, nüvə silahlarının daşınmasında siyasi və texniki çətinliklər olduğunu, buna baxmayaraq daşınma prosesinin başladığını ifadə edib. Adı çəkilməyən qaynaqlardan biri isə deyib ki, 20-dən çox nüvə silahının daşınmasına başlanıb.
"Bu proses asan deyil, amma başlayıb. Silahlar Rumıniyadakı Deveselu hava hərbi bazasına daşınacaq", — mənbə qeyd edib.
Rumıniya səlahiyyətliləri isə nüvə silahlarının ölkəyə daşındığı iddialarını təkzib ediblər. Rumıniya Xarici İşlər Nazirliyindən verilən cavabda "Rumıniyada ABŞ-ın yeni nüvə bazası olacağı iddiası qəti şəkildə rədd edilir" deyilib.
ABŞ-ın "beyin mərkəzi" "STIMSON Center" İncirlik bazasında 50-yə qədər taktiki nüvə silahının olduğunu demişdi. 15 iyul çevriliş cəhdindən sonra Türkiyə, İncirlik bazasının müvəqqəti olaraq elektriklərini kəsmiş, ABŞ təyyarələrinin bazadan havalanmasını qadağan etmiş və bazanın komandirini çevriliş cəhdi ilə bağlı həbs etmişdi.