BAKI, 18 avq — Sputnik. Azərbaycanda ictimai nəqliyyatda gediş haqqını ödəmək üçün "BakıKart" kartlarını internet vasitəsilə yükləmək mümkün olacaq. Bu barədə Trend-ə layihəyə yaxın mənbə deyib.
Onun sözlərinə görə, adıçəkilən xidmət hələlik korporativ müştərilərə (şirkət və müəssisələr) göstərilir: ""BakıKart"ın balansını artırmaq üçün bank kartlarından istifadə olunur. Gələcəkdə xidmət bütün istifadəçilər üçün əlçatan olacaq".
İnternet vasitəsilə ödənilən məbləğ sərnişinin "BakıKart"ı yükləmə aparatlarındakı oxuma qurğusuna yaxınlaşdırmasından sonra avtomatik olaraq kartın balansına oturacaq. Bunun üçün həmin qurğuda internet vasitəsilə yüklənən kartlara görə yeni interfeys tətbiq ediləcək.