BAKI, 17 avq-Sputnik. Alimlər mikroskopik antibiotik qranullarını osteoartrit xəstəliyində dizlərdə ağrı hissini aradan qaldıran səmərəli vasitə kimi təklif ediblər.
Sputnik "wek.ru"-ya istinadla xəbər verir ki, qranulların ölçüsü 0,07 millimetrdir. Onları pudra şəklində antibiotiklərdən hazırlayır və daşıyıcı maye ilə qarışdırırlar. Diz nahiyəsində yerləşən damarlara imipenem və silastatin-natrium məhlulu yeridilir. Dizə yeridiləndən sonra məhluldan qranullar əmələ gəlir və bu qranullar qan axmasını müvəqqəti məhdudlaşdırır. Nəticədə məhlulun yeridildiyi nahiyədə damarlar, eləcə də sinirlər ölür. Bununla da ağrı hissi yoxa çıxır.
Ekspertlərin yeni metodu ağrının şiddətini dörd dəfə azaltmağa kömək edib. Belə effekt pasiyentlərdə tədqiqatdan dörd həftə sonra müşahidə olunub. Bundan əlavə, bu məhsulun sınaqlarında iştirak edən könüllülərin diz nahiyəsindəki ağrılar il ərzində bir o qədər də qabarıq olmayıb.
Tədqiqat müəllifləri bildiriblər ki, osteoartritdən əziyyət çəkən xəstələrin ağrıları damarın özündəki degenerativ proseslərlə deyil, yeni damarların inkişafı ilə sıx bağlıdır. Öz növbəsində damarların sayı iltihab prosesi fonunda artır. Təbii ki, damarların inkişafı zamanı ağrı hisslərinin ötürülməsinə cavab verən yeni sinirlər inkişaf edir. Alimlərin sınaqdan keçirdiyi yeni unikal prosedura diz arteriyalarının embolizasiyası adı verilib.