BAKI, 16 avq-Sputnik. Türkiyə İncirlik aviabazasını Suriyada antiterror əməliyyatları aparmaq məqsədilə Rusiya Hava-Kosmik Qüvvələrinin sərəncamına verə bilər.
Sputnik-in məlumatına görə, Federasiya Şurasının beynəlxalq işlər və müdafiə komitələri bunu istisna etməyib.
"Bu, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya qarşı atdığı müsbət addımların məntiqi davamı ola bilər." — deyə Morozov bildirib.
Onun sözlərinə görə, belə bir qərar Suriya və İranın Rusiyaya "Xmeymim" və "Həmadan" aviabazalarından istifadə etməsinə icazə verməsi fonunda qəbul edilə bilər.
Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədri Viktor Ozerov ötən həftə Sankt-Peterburqda Rusiya və Türkiyə prezidentləri arasında baş tutmuş danışıqlardan sonra Türkiyənin bu cür qərar verəcəyini istisna etməyib.
"Görüşdə Ərdoğan Suriyada terrorçulara qarşı mübarizədə Türkiyənin Rusiyanı dəstəkləməyə hazır olduğunu bəyan edib. Demək olmaz ki, Rusiyanın "İncirliyə" ehtiyacı var. Lakin bu cür qərar Türkiyənin terrorçulara qarşı mübarizədə Rusiya ilə əməkdaşlığa sözdə yox, əməldə hazır olduğunu nümayiş etdirərdi" — deyə Ozerov bildirib.