BAKI, 16 avq-Sputnik. Mobil cihazları enerji ilə doldurmaq üçün günəş enerjisindən istifadə edən enerjidoldurma qurğuları telefonların avtonom iş müddətini artırmaq üçün əla üsuldur.
Ancaq bu elektrik enerjisi mənbəyi günün vaxtından və günəş işığının intensivliyindən çox asılıdır. Buna görə də dizayner Nils Ferber tərəfindən mobil qurğular üçün hazırlanmış yeni enerji mənbəyi elektrik enerjisinin hasili üçün küləkdən istifadə edir.
Sputnik "naked-science.ru" saytına istinadən xəbər verir ki, dizayner uzun müddət külək enerjisindən elektrik enerjisi hasili üzrə ən səmərəli alət yaratmağa imkan verən müxtəlif qurğu və komponentləri araşdırıb.
Elektrik enerjisinin hasili üçün külək enerjisindən istifadə edən açılıb-bağlanan turbin "Micro Wind" adlanır. Dizayner belə qurğuların bazarda mövcudluğunu inkar etmir, ancaq onun sözlərinə görə, heç bir sistem belə ölçü, həmçinin sadəlik, yığcamlıq və effektivliyə malik deyil.
Yeni enerji mənbəyi qurğusunun çəkisi 1 kiloqramdan azdır. Bir neçə komponentdən ibarət olan sadə sistem bir neçə saniyə ərzində qurula bilər. Eyni zamanda, turbin gecə-gündüz işləmək imkanına malikdir.
Aydındır ki, çıxış gücü küləyin sürətindən asılıdır və istehsalçı bildirib ki, küləyin sürəti 18 km/saat olduqda turbin 5 vatt daimi çıxış gücü əldə edir.