BAKI, 16 avq — Sputnik. Türkiyənin Uşak rayon İkinci Ağır Cəza Məhkəməsi, Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı 1 il davam edən "paralel dövlət" işinin istintaqı çərçivəsində hazırlanan iddianaməni qəbul edib. Sputnik "Anadolu" agentliyinə istinadla xəbər verir ki, iddianamədə Fətullah Gülənə iki dəfə ömürlük həbs cəzası verilməsi və 1900 il müddətinə azadlıqdan məhrum edilməsi istənilib.
İddianamədə F. Gülən zorakı yolla Türkiyənin Konstitusiya quruluşunu dəyişmək və hökuməti devirməyə təşəbbüs göstərmək, silahlı terror təşkilatı qurmaq və idarə etmək, insanların dini inanc və duyğularından sui-istifadə edərək dələduzluq etmək və terroru maliyyələşdirməkdə günahlandırılır.
İddianamədə, həmçinin təşkilat üzvlərinin "himmət", "hədiyyə", "qurban", "zəkat" kimi üsullarla xüsusilə iş adamlarından yığdıqları pulları, qurduqları şirkətlər vasitəsilə Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Afrika, Tunis, Mərakeş, İordaniya, Almaniya kimi ölkələrdəki banklardan istifadə edərək ABŞ-a köçürdükləri təsbit edilib.