BAKI, 16 avq — Sputnik. Bir müddətdir ki, çörəyin qiymətinin bahalaşması ilə bağlı mətbuatda yazılar dərc edilir. 40 qəpiklik çörəyin 50, 30 qəpiklik çörəyin isə 40 qəpiyə satıldığı qeyd olunurdu.
Bu hal bir neçə gün davam etsə də, daha sonra bu qida məhsulunda əvvəlki qiymətlər tətbiq edilməyə başlandı. Lakin son iki gündür ki, alıcılar çörək bazarında yeni vəziyyətlə üzləşiblər.
Bu barədə Sputnik-ə paytaxt sakini Murad Alıyev yazıb. Onun sözlərinə görə, hər gün çörək aldığı mağazada artıq 30 qəpiklik çörək satılmır, əvəzinə ölçüsü və çəkisi kiçildilmiş 40 qəpiklik çörək satılır. Daha aydın desək, bu gün əksər marketlər əvvəl satdıqları 30 qəpik dəyərində olan çörəyi hazırda 40 qəpiyə satır. Bu isə əhalidə ciddi narazılığa səbəb olub.
Yasamal rayon sakini Kamran Quliyev isə Sputnik-ə bunları deyib: "Bir ara çörəyin qiymətini qaldırdılar, sonra gördülər ki, insanlar buna ciddi etiraz edir, geri addım atdılar. İndi isə digər hiyləgər üsula əl atıblar. Çörəyin qiymətini saxlamaqla çəkisini azaldıblar. Bu rəzillik yəqin ki, ancaq bizim ölkəmizdə ola bilərdi".
Mövzunu Sputnik-ə dəyərləndirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hökuməti tənqid edib: "Bu sahədə hökumətin siyasəti düzgün qurulmayıb. Əgər hökumət istəyirsə ki, çörəyin qiyməti aşağı düşsün, əlində olan rıçaqlardan istifadə eləməlidir. Gömrük rüsumlarını aşağı salsın, bolluq yaratsın, əkinçiliyi yüksəltsin. Yoxsa inzibati yolla bazar qanunlarına müdaxilə etmək düzgün deyil".
"Hər şənbə-bazar günləri Kənd Təsərrüfatı Nazirliyinin adamları yarmarkalara gedib qiymət tənzimləyir. Kartof, pomidor satana deyirlər ki, sən bu qiymətə satmalısan, sən o qiymətə və s. Bu, bazar iqtisadiyyatına zidd hərəkətdir. Prezidentin apardığı siyasətə də ziddir", — E. Hüseynov bildirib.
Ekspert daha sonra deyib: "Doqquz mərtəbəli binada əyləşmiş, 144 ştatı olan Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bu işlə məşğuldur ki, zavod çörəyinin qiyməti 10 qəpik qalxmasın. Hansı ki, 1 manat 20 qəpiyə çörəklər də var. Təkcə zavod çörəyinin üzərində dayanıblar. Və bunun da qiyməti dövlət tərəfindən tənzimlənmir. Hökumət bu məsələdə səhv edir. Əlbəttə, belə vəziyyətdə, yəni inzibati mexanizm işləyəndə istehsalçı çörəyin keyfiyyətini, çəkisini aşağı salacaq, çörəyin nəmliyini qaldıracaq və s. Yəni hökumətin səhv siyasətinin nəticəsidir ki, belə anormal hal yaranıb".
Paytaxtın ən böyük çörək istehsalçısı olan "Bakıxanov" Çörək Zavodunun satış meneceri Rövşən Bəşirov isə Sputnik-ə açıqlamasında, zavodun istehsal siyasətində heç bir dəyişiklik edilmədiyini bildirib: "Hər çörəyin öz çəkisi və qiyməti var. Hansı mağaza necə istəyir, elə də sifariş verir. Bizim özümüzə gəldikdə, nə çörəyin çəkisində, nə də qiymətlərdə hansısa dəyişiklik etmişik".
"Marketlərin hansı qiymətləri qoyduğu artıq bizim səlahiyyətimizdə deyil. Ancaq bir daha sizi əmin edirəm ki, biz çörək məhsullarını əvvəlki qiymətlə paylayırıq", — deyə R. Bəşirov qeyd edib.
Digər iri çörək istehsalçı olan "Gilan №1" zavodundan Sputnik-ə bildiriblər ki, onlarda da qiymətlə bağlı hələlik heç bir dəyişiklik yoxdur. Lakin şirkətin satış meneceri əlavə edib ki, yaxın vaxtlarda çörəyin qiymətində artım ediləcək. Zavod bunu, əsas xammal olan unun qiymətinin yüksəlməsi ilə əlaqələndirib.