Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ticarət dövriyyəsinin “ikiüzlü artımı”

© Sputnik / Murad OrujovSamir Əliyev, iqtisadçı-ekspert
Samir Əliyev, iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Abunə olmaq
Samir Əliyev: Alıcılıq qabiliyyəti artsaydı, ticarət dövriyyəsi ən azı 20-30% artmalı idi.

Ticarət dövriyyəsinin “ikiüzlü artımı”
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 2% artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 2,8%, qeyri-ərzaq məhsulları üzrə isə 0,6% artıb.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,5%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,4%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,4%-i elektrik malları və mebelin, 5,7%-i avtomobil yanacağının, 1,4%-i əczaçılıq və tibbi malların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,8%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

İlin ilk yarısında Azərbaycanda ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,9 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri isə 15,4 faiz bahalaşıb. İqtisadçı-ekspert Samir Əliyev “Sputnik”ə açıqlamasında bildirib ki, pərakəndə ticarət dövriyyəsinin artması qiymətlərin bahalaşmasının nəticəsidir.

“Bu altı ay ərzində əhalinin real gəlirləri təxminən 2,3-2,4% azalıb, çünki inflyasiya əhalinin gəlirlərini üstələyib. Əgər əhalinin gəlirləri nominal qaydada 8% olubsa, inflyasiya 10%-dan artıq olub. Ticarət dövriyyəsinin artmasını əhalinin alıcılıq qabiliyyəti kimi qiymətləndirmək lazım deyil, əksinə bu, devalyasiya səbəbindən qiymətlərin bahalaşmasının nəticəsidir. Çünki ərzaq məhsullarının qiymətlərində müəyyən dərəcədə artım var, hətta elə məhsullar var ki, onların qiyməti 100%-dan da çox bahalaşıb. Bu onu göstərir ki, əgər əhalinin alıcılıq qabiliyyəti artsaydı, ticarət dövriyyəsi 2% deyil, ən azı 20-30% artmalı idi”, — deyə Samir Əliyev bildirib.

Ekspert hesab edir ki, əhalinin son istehlak xərcləri ötən il ilə müqaisədə artıb. “Əgər əvvəllər əhali gəlirlərin 74%-ni son istehlaka yönəldirdisə, indi bu göstərici 79%-a qalxıb. Belə davam edərsə, əhali gəlirlərinin böyük bir hissəsini istehlaka yönəldəcək, yığıma və digər istiqamətlərə isə pul yönəldə bilməyəcək. Əgər biz satılan siqaret və spirtli içkilərin miqdarını natural ölçüdə hesablasaq görərik ki, keçən ilin müvafiq dövrü ilə müqaisədə əslində azalma müşahidə olunur”, — deyə o bildirib.

İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə isə, 2%-lik artım əslində yaxşı göstərici deyil: “İnflyasiyanın 11%-ə çatdığı yerdə ticarət dövriyyəsinin 2% artması çox kiçik bir rəqəmdir. Bu, sırf qiymətin artması və ticarət dövriyyəsinin pul ekvivalentində artması anlamına gəlir. Yəni, son bir ildə həm ərzaq, həm qeyri-ərzaq məhsullarında qiymətlərin kifayət qədər yüksək templə artması pərakəndə ticarət dövriyyəsinin fiziki olaraq, pul ekvivalentində artımına gətirib çıxardı. Amma rəsmi inflyasiyanı belə nəzərə alsaq, pərakəndə ticarətin 2% artması o qədər də yaxşı göstərici deyil. Bu, insanların alıcılıq qabiliyyətinin getdikcə daha da aşağı düşməsinə səbəb olan məsələdir”.

Ekspert bildirib ki, alıcılıq qabiliyyətinin artması birbaşa iş yerləri və maaşların artımı ilə bağlıdır. “İlin əvvəlindən bu günədək orta əmək haqqının artımı 6% civarındadır. İnflyasiyanın 11% olduğunu nəzərə alanda isə görürük ki, insanların real gəliri 6% artmayıb, əksinə 5% azalıb. Alıcılıq qabiliyyətinin artması üçün yeni iş yerləri açılmalıdır, eləcə də insanların gəlirləri və qazancları artmalıdır”, deyə o əlavə edib.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,8% artaraq 488,1 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, tikinti, eləcə də informasiya və rabitə sahələrində isə orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Xəbər lenti
0