BAKI, 11 avq-Sputnik. FETÖ ilə mübarizə çərçivəsində Türkiyənin TRT telekanalının 42 əməkdaşı saxlanılıb.
Sputnik-in məlumatına görə, Ankara Şəhər Polis İdarəsi Cinayət-axtarış şöbəsinin əməkdaşları Ankara Prokurorluğunun Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdindən sonra apardığı istintaq tədbirləri çərçivəsində TRT-nin əsas binasında əməliyyat keçiriblər.
Məlumata görə, saxlanılan şəxslər Ankara Şəhər Polis İdarəsinə aparılıb.
Xatırladaq ki, 15 iyulda Türkiyədə dövlət çevrilişinə cəhd olub. Bu zaman TRT-nin baş ofisi hərbçilər tərəfindən müvəqqəti ələ keçirilib. Televiziyanın aparıcısı hərbçilərin təzyiqi ilə "Yurdda Sülh Şurası"nın adından qiyamçıların bəyanatını oxuyub. Daha sonra televiziya qiyamçılardan təmizlənib.