BAKI, 11 avq — Sputnik. 1973-cü il avqustun 11-də şair, dramaturq Zeynal Rza oğlu Xəlil (23.3.1914, Gəncə — 1973) vəfat edib.
On yeddi yaşında ikən poeziya aləminə gələn Zeynal Xəlil, az bir müddət ərzində özünü tanıtmağa, XX əsrin 30-cu illərində sürətlə irəli çıxan S.Vurğun, M.Müşfiq, R.Rza, S.Rüstəm, M.Rahim,O.Sarıvəlli kimi qüdrətli söz ustaları arasında görünməyə başlayır. "İstək" adlı ilk şe‘rlər kitabı 1936-ci ildə nəşr olunur.
Böyük Vətən müharibəsi illərində döyüşçülərin qəhrəmanlığını tərənnüm edən əsərləri: "Yəhərləyin atları", "416", "Döyüşçünün vəsiyyəti", Zoya Kosmodemyanskayaya həsr olunmuş "Tatyana" poemasını yazır.
"Düşüncələr" (1943), "E‘tibar" (1947), "Arzular" (1949), "İki dünya" (1952), "Bənövşə" (1956), "Şe‘rlər" (1963), "Sevdiyim rəng" (1970), "Günəş, dəniz və insan" (1973) və s. şe‘r kitablarının, "Ulduzlar" (1961) mənzum romanın müəllifidir. "İntiqam" (1941), "Qatır Məmməd" (1945), "Gənc ustalar" (1954), "Ata yolu" (1966) pyesləri var. "Qatır Məmməd"in motivləri əsasında eyniadlı film çəkilib.
Zeynal Xəlilin müəllifi olduğu şeirlərə çoxlu sayda mahnılar bəstələnib. Onlardan "Kimlər gəldi, kimlər getdi", "Ay işığında", "Bu gecə" və s. göstərmək olar.
Əsərləri bir sıra xarici dillərə tərcümə olunub.