BAKI, 10 avq — Sputnik. Böyük Britaniyanın yüksək tirajlı "Independent" qəzeti bugünkü yazısında Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü barədə təhqiramiz ifadələrə yer verib.
Məşhur araşdırmaçı jurnalist Robert Fisk-in qələmə aldığı yazıda Putin rus çarı, Ərdoğan isə türk sultanı kimi təqdim olunub. "Sultan ilə Çarın görüşü" başlıqlı məqalədə hər iki liderin müasir dünya standartlarından geri qaldığı ifadə edilib.
İngilis jurnalist Robert Fisk, Qərb alyansının Ərdoğan üzərində heç bir sözünün keçmədiyini, bu səbəblə də artıq Türkiyəyə müttəfiq gözü ilə baxmağın mənasız olduğunu yazıb.
R.Fisk kinayəli tərzdə "əgər NATO və Avropa İttifaqı Suriya və qaçqın probleminin həllində sadiq müttəfiqləri Ərdoğana güvənə biləcəklərinə inanırsa, onları yenidən düşünməyə dəvət edirəm", deyib.
Robert Fisk yazının davamında, Ərdoğana çevriliş olacağı ilə bağlı kəşfiyyat məlumatlarını Rusiya və İranın ötürdüyünü iddia edib:
"Çevrilişdən üç gün öncə Suriyanın Tartus limanındakı rus hərbi texniklər setdə Türkiyə tərəfdən bəzi hərbi danışıqlar eşidib. Bu danışıqlar tərcümə olunması üçün dərhal Moskvaya, Kremlə göndərilib. Maraqlıdır ki, elə həmin gün Putin özünə ən yaxın müşaviri (red:Aleksandr Duqini nəzərdə tutur) Ankaraya göndərir. Və həmin müşavir Ərdoğanın sağ qolu olaraq bilinən Melih Gökçeklə görüşür. Bu olanlar bir daha göstərir ki, çevrilişə hazırlıq xəbərini Ankaraya rus kəşfiyyatı çatdırıb. İran tərəfindən də Türkiyəyə 15 iyul çevrilişindən bir neçə gün öncə məlumatlar çatdırılıb".
"Independent" qəzetində yayımlanan məqaləyə münasibət bildirən Türkiyəli jurnalist Ahmet Akaydın, tək o qəzetin yox, ümumilikdə Qərb mediasının Putin-Ərdoğan görüşündən ciddi narahatlıq duyduğunu bildirib:
Türkiyədə on minlərlə rus əsilli vətəndaşın daimi yaşadığını deyən A.Akaydın, bundan başqa hər il yüz minlərlə rusun ölkəsini ziyarətə gəldiyini söyləyib:
"Xüsusilə də cənab Putinin prezident seçilməsindən sonra, iki ölkə əlaqələri əvvəllər heç olmadığı kimi inkişaf etdi. Qarşılıqlı ticarət gücləndi. Türkiyəyə gələ rus turistlərin sayı birə beş artdı. Bu səfərlər minlərlə ailə qurulmasına, gediş-gəliş və qohumluq əlaqələrinə də müsbət təsir göstərdi. Artıq bizim ölkəmizdə hər 30-40 ailədən birində bir rus gəlin var. Liderlər bütün bunları görməzdən gələ bilməzlər. Qısacası, türklər və ruslar düşmən ola bilməzlər".