BAKI, 10 avq-Sputnik. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələ rayonuna səfərə gedib.
Sputnik president.az-a istinadla xəbər verir ki, dövlət başçısı əvvəlcə ümummilli lideri Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev abidənin ətrafında, ümumiyyətlə, son illər rayonda görülən işlər barədə prezidentə məlumat verib.
İlham Əliyev Qəbələdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan uşaq bağçasının açılışında iştirak edib.
Ona məlumat verilib ki, Qəbələ rayonunda 24 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin müəssisələrdə 860 uşaq təhsil alır. Rayonun tələbatını nəzərə alaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə 100 yerlik daha bir yeni məktəbəqədər təhsil müəssisəsi inşa olunub.
Sahəsi 3300 kvadratmetr olan ikimərtəbəli binada Heydər və İlham Əliyevlərin həyat və fəaliyyətlərini, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın uşaqlara diqqət və qayğısını əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Qrup otaqlarında uşaqların təlim-tərbiyəsi, yataq otaqlarında isə balacaların rahatlığı üçün hər cür şərait var. Bağçada əyləncə, idman və oyun zonası, musiqi otağı, digər təlim və tədris məkanları da yaradılıb. Bağçanın ətrafındakı yaşıllıq zolağı, əyləncə meydançası və attraksionlar da uşaqların çox xoşuna gəlir.
İlham Əliyev Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının yeni inzibati binasının açılışında da iştirak edib.
Ona bildirilib ki, binanın inşasına 2014-cü ilin oktyabrında başlanılıb. Tikinti işləri yüksək səviyyədə başa çatdırılıb. YAP Qəbələ rayon təşkilatının 6145 üzvü var. Onların 2525-i qadın, 2343-ü gəncdir.