Qədim dövrlərdən müxtəlif mədəniyyətlərin və dinlərin formalaşdığı Azərbaycan spesifik, rəngarəng, zəngin mədəni irsə sahibdir. Azərbaycan mədəni irsinin, islama qədərki inancların izlərinin üzə çıxarılmasında Azərbaycan tarixinin ən mühim mərhələlərindən birini təşkil edən Qafqaz Albaniyası dövrü xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycanlıların mənəvi irsini təşkil edən alban mədəniyyəti tarixin zaman çərçivəsində müəyyən transformasiyaya uğrasa da, bu mədəniyyətin zəngin və qədim ənənələrinin izləri azərbaycanlıların tarixi abidələrində, mərasim ayinlərində, xalq inanclarında indiyədək öz canlılığını qoruya bilib. Qax rayonunda Kürmük məbədi kimi alban dövründən qalma qədim inanc yerlərini istər xristianlar, istərsə də müsəlmanlar eyni dərəcədə inanaraq ziyarət edirlər. Belə inanc yerlərində dinlərin sinkretizmi müxtəlif formalarda müşahidə edilməkdədir.
Tarixçi Məcid Mehrani bu yerin tarixi haqqında Sputnik-ə danışıb: " Gördüyünüz bu ərazilər Alazan — Həftəran vadisi deyilən görkəmli bir yerdir. Burada yerləşən abidənin tarixi heç bir xristianlığa, müsəlmanlığa, islama aidiyyatı olmayan bir dövrdür. Çünki xristianlığın mövcud olduğu dövr cəmi 2 min ildir. Lakin biz dediyimiz 3 — 5 min il əvvələ isə bunların heç birinə aidiyyatı yox idi. Lakin insanlar o vaxt da burada toplanırdılar. May ayında əkinçilik işlərinin başa çatmasını, noyabr ayında isə, məhsul yığımının başa çatmasını qeyd edərdilər. Və buna görə bütün bura gələn xalqlar özlərinin hər bir məhsul payından, mübarək payından bura gətirərək, bayramlıq ərəfəsi üçün istifadə etməyə şərait yaradardılar ki, hər kəsin öz məhsulundan qoy burada olan digər qonaqlar istifadə etsinlər və xeyir-dua versinlər. Lakin bu gözəl ərazinin, bu müqəddəs bayramlıq adətlərini sonralar siyasi məqsədlər üçün çox çirkinləşdiriblər. Sasanilər dövründə bu ərazilər işğal olunub və Alban dövləti olaraq Sasanilərin tabeliyində olduğu dövrdə atəşpərəstliyə sitayiş ediblər. Atəşpərəstliyə sitayiş olunduğu vaxtda burada bir başqa cür abidə olub. Sonra burada xristianlıq qəbul olunmağa başlayıb, alban katolikosluğu yaranıb. Bu katolikosluq yarandığı dövrdə burada bir Alban məbədi olub. Və nəticədə buranı Alban kilsəsi kimi qəbul ediblər. Lakin 1828-ci il "Türkmənçay müqaviləsi"ndən sonra, 1836-cı ildə Alban katolikosluğu bu ölkə ərazisində ləğv olunub və qadağan edilib. Katolikosluğun ləğv olunması ilə 1837-ci ildən etibarən bu abidə pravoslav kilsəsinə xidmət edirdi. Lakin keçmişdə icra olunan adətlər, ayinlər qalmaqda idi."
Tarixçi "Kürmük" kilsəsində ildə iki dəfə yerli əhali tərəfindən qeyd edilən bayramın xristianlıq və gürcülərlə bir əlaqəsi olmadığını da qeyd edib: "Əgər doğrudan da, tutaq ki, hər il mayın 6-sı dırnaqarası "Georgiyevski kilsə"yə görə, mərasim günüdürsə, niyə görəsən həmin gün Telavidə, Kutaisidə, Tbilisidə və başqa yerlərdəki kilsələrdə bayram edilmir? Amma 6 may, 23 noyabr aylarında məhz bu kilsənin ətrafında bayram edirlər. Yox əgər həmin gün gürcülərin bayramıdırsa, qoy Gürcüstan ərazisində də eyni bayramları görək və fikirləşək ki, bu ərazidə olan bayramların onlara da aidiyyatı var. Yox məhz bu əraziyə toplaşırlarsa, deməli, bunun pravoslavlığa dəxli yoxdur, söhbət tarixi 3-5 min il əvvələ gedib çıxan adətlərinin başqa ad altında yaşadılmasından gedir. Elə eyni məqsədlə də bu günü bayram edirlər. Sadəcə bəziləri bu bayramlardan çirkin siyasi məqsədlər üçün istifadə etməyə çalışırlar."
Məcid Mehrani "Kürmük" abidəsinin yaxınlığında yerləşən iri qara daşın sirrini də açıqlayıb: "Ən gözəl abidələrdən biri də bu iri daşdır. Əsl həqiqət sonradan tikilən binada yox, bu daşdadır. Bu daş üzərində bir dəlik vardı.
Minlərlə insan ora inamla dəmir pullar salır, diləklər diləyirdilər. Buradan baxanda Gəncə ərazisinədək Alazan — Həftəran vadisinin görünməyən yeri yoxdur. Həmin nöqtələrdən burada yanan, şölələnən alov görünməkdədir. Bura çağırış üçün ən gözəl, ən ideal bir nöqtədir. Belə bir müqəddəs əraziyə olan inam isə insanların bura toplanışı, çağırışı üçün ən gözəl vasitələrdən biri idi. İnsanlar burada məbədin kim tərəfindən, hansı dövlət və ya tayfa tərəfindən idarə olunmasına baxmayaraq, çağırış nöqtəsi kimi gəliblər, bayramlara toplaşıblar."
Qeyd edək ki, bu qara daşla bağlı yerli ingiloylar (Stalinin hakimiyyəti illərindən sonra onlara gürcü deyilir. Lakin onların Qafqaz Albaniyasında yaşayan yerli xalqlardan biri olduğu bilinməkdədir-red.) arasında əfsanələr dolaşır. Əfsanəyə görə, Qurucu Davidin (IV David — 1073 — 1125) zamanına aid xəzinə bu qara daşın altında yerləşir. Gürcüstan çariçası Tamara (1166-1213) isə öz vəsiyyətinə uyğun olaraq bu müqəddəs daşın olduğu dağda qızıl tabut içində dəfn edilib. Bu əfsanələrdən yola çıxan həvəskar xəzinəaxtaranlar indiyə qədər orada heç nə tapa bilməyiblər. Sovet dövründə bu dağ dövlət tərəfindən xüsusi olaraq nəzarətdə saxlanılırdı.