Türkiyə Rusiyanın hərbi və strateji tərəfdaşına çevrilə bilər

© REUTERS / Sergei KarpukhinRəcəb Tayyip Ərdoğan və Vladimir Putinin görüşü. Sankt-Peterburq, 9 avqust 2016-cı il
Rəcəb Tayyip Ərdoğan və Vladimir Putinin görüşü. Sankt-Peterburq, 9 avqust 2016-cı il - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə prezidenti Sankt-Peterburqda Rusiya prezidenti ilə keçirəcəyi görüşün iki ölkə münasibətlərində yeni səhifə açacağını bildirib.

Türkiyə Rusiyanın hərbi və strateji tərəfdaşına çevrilə bilər
Avqustun 9-da Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı şimal paytaxtında qəbul edəcək. İlkin məlumatlara görə, görüşdə ölkələr arasındakı iqtisadi məsələlər və ötən il rus təyyarəsinin türk qırıcıları tərəfindən vurulmasından sonra yaşanan böhranın aradan qaldırılması müzakirə olunacaq. Rusiya və Türkiyə prezidentlərinin Qarabağ nizamlanması ilə bağlı müzakirələr aparacağını da ehtimal olunur.

Türkiyə prezidenti Ərdoğan Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putin ilə keçirəcəyi görüşün iki ölkə münasibətlərində yeni səhifə açacağını bildirib, onu tarixi səfər adlandırıb: “Dostum Vladimir Putinlə danışıqlarda iki ölkə münasibətlərində yeni səhifə açacağımıza əminəm. Ölkələrimizin qarşısında bir çox problemləri birgə həll etmək vəzifəsi durur”.

Ərdoğan qeyd edib ki, Rusiyanın Suriya münaqişəsinin həllində iştirak etməsi çox vacibdir: “Rusiyanın iştirakı olmadan Suriya probleminin həllini tapmaq mümkün deyil. Yalnız Rusiya ilə əməkdaşlıq şəraitində Suriya münaqişəsini tənzimləyə bilərik”.

“İzvestiya” qəzetinin məlumatına görə, Rusiya Müdafiə Nazirliyi “Su-24 hadisəsi” kimi halların gələcəkdə yenidən baş verməməsi üçün Türkiyəyə iki ölkə arasında hərbi rabitə kanalları yaratmağı təklif edə bilər. Müvafiq sənədlər artıq hazırlanıb. Prezidentlərin görüşü zamanı “prinsipial qərar” qəbul olunarsa, bu sənədlər Ankaraya göndəriləcək. “Müdafiə Nazirliyi artıq Türkiyə tərəfi üçün təkliflər paketi hazırlayıb. Oraya hərbi rabitə kanallarının yaradılması və hava əməliyyatlarına aid protokollar daxildir”, — deyə qəzetdə qeyd olunub.

Rusiyanın “Kommersant” qəzetindəki “Türk axını” məqaləsində isə qeyd edilir ki, həftə ərzində Moskvaya böyük “türk desantı” gələcək. Bazar ertəsi Türkiyə XİN başçısının müavini Umit Yalçın rusiyalı həmkarı Mixail Boqdanovla Suriya nizamlanmasını, Cenevrə danışıqlarının bərpa olunmasını müzakirə edəcək.  Bunun sabahısı isə Sankt-Peterburqda Rusiya Türkiyə prezidentləri görüşəcəklər. Türkiyənin baş nazirinin müavini Mehmet Şimşeyin Moskvaya səfərində isə əsas mövzu iqtisadi məsələlər olacaq. Sankt-Peterburq sammitində Ədoğan və Putinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə sərbəst müzakirələri də nəzərdə tutulub.

Politoloq, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin məsləhətçisi Tofiq Abbasov “Sputnik”ə açıqlamasında bildirib ki, iki ölkə bir-birində çox maraqlıdır:

“Rusiya-Türkiyə münasibətlərinin qeosiyasi və qeoiqtisadi aspektləri var. Bir çox məqamların həllini müəyyən edən, onları şərtləndirən qeoiqtisadi məqamlar olacaq, çünki iki ölkə bir-birində çox maraqlıdır. Ümumiyyətlə, bu kompleks məsələlərin müqəddəratını sonda Türkiyənin hansı qeosiyasi vektora üstünlük verməsi aydınlıq gətirəcək. Niyə? Bilirsiz ki, Türkiyə həm NATO-nun üzvüdür, həm Avropa İttifaqına daxil olmaq niyyətində olub. Orada bir çox problemlər yaşanır. Hərbi çevriliş cəhdindən sonra da Türkiyə yenidən öz qeosiyasi prioritetlərini, müttəfiqlərini səhmanlayır”.

Politoloqun sözlərinə görə, Qərb bu məsələyə biganə qalmayacaq:

“Qərbin Türkiyəyə dair tələbi bir şeydən ibarətdir ki, Rusiya ilə məsafəli münasibətlər qursun. Ancaq bu, Türkiyənin suveren hüquqlarının pozulması deməkdir. Türkiyədə bir milyondan artıq iştirakçı ilə mitinqin keçirilməsi, onların Ərdoğana dəstək verməsi ondan xəbər verir ki, ola bilsin Türkiyə keçid dövrünü yaşayır və ən yaxın zamanda Türkiyənin qeosiyasi müttəfiqləri sırasında çox böyük dəyişikliklər baş versin”.

Politoloqun fikrincə, Türkiyə özündə qətiyyət tapıb Qərblə münasibətdə öz prinsipial mövqeyini saxlaya bilsə, Rusiya ilə Türkiyənin yeni münasibətlər dövrü başlayacaq və bu, strateji tərəfdaşlıq formatına keçə bilər.

Publik Diplomatiya və Beynəlxalq Münasibətlərin Şərq Araşdırmaları Mərkəzinin direktoru Vladimir Avatkov bildirib ki, Ərdoğanın indiki şərtlər şərçivəsində Sankt-Peterburqa səfəri çox mühümdür: “Ərdoğan bir az əvvəl dövlət çevrilişi cəhdi ilə üzləşmişdi. İndi isə Avropa İttifaqı və ABŞ Türkiyəyə çox böyük təzyiq göstərirlər. İndiki vəziyyətdə Türkiyə lideri üçün Moskva ilə ciddi  dialoqa başlamaq çox vacibdir. Özü də, yalnız iqtisadi məsələlərlə bağlı yox, eyni zamanda təhlükəsizlik məsələləri də çox vacibdir. Əslində hər iki  ölkənin münasibətlərinin gələcəyi də bundan asılıdır”.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə isə, Sankt-Peterburq görüşündə yaxşı nəticələr alınarsa, 2017-ci ildə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısı keçiriləcək. Bu Şuraya prezidentlər sədrlik edirlər və bütün nazirlər bu qurumda təmsil olunurlar.

Qeyd edək ki, ötən ilin noyabrında Türkiyənin hava sərhədini pozduğu iddia olunan Rusiyanın "Su-24" qırıcısı türk hərbçilər tərəfindən vurulub. Nəticədə rus pilotlardan biri təyyarədə həlak olub. Katapult edən ikinci pilotun isə qeyri-rəsmi silahlı birləşmələrin üzvü olduğu güman edilən Alparslan Çelik tərəfindən öldürüldüyü iddia edilir.

Bu hadisə Türkiyə ilə Rusiya arasında münasibətlərin korlanmasına səbəb olmuşdu. Rusiya prezidenti Vladimir Putin Türkiyə tərəfinin bu addımını "arxadan vurulan zərbə" kimi qiymətləndirmişdi. İyun ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın pilotların ailəsindən üzr istəməsindən sonra, iki ölkə arasında münasibətlər düzəlməyə başlayıb.

Xəbər lenti
0