BAKI, 6 avq-Sputnik. Hər bir insan xoşbəxt olmaq istəyir. Lakin insanlar fərqlidirlər və hər kəs xoşbəxtliyə gedən yolunu özü seçir. Xoşbəxtlik özü də nisbi anlayışdır. Bədbəxtlik isə çox fərqli olmur. Dünyamızda qadınıarın daha çox bədbəxtlər sırasında olduğunu desək, yanılmarıq. Tənha qadın tez-tez təhqirə və alçaldılmağa məruz qalır. Bu gün sizə 24 yaşlı sözün əsl mənasında bədbəxt bir özbək qızı barədə danışacağıq.
Özbəkistan vətəndaşı Səlahəddinova Məhfuzə Saibxan qızı ilə biz Bakıda — hüquq müdafiəçisi Mehriban Zeynalovanın rəhbərlik etdiyi "Təmiz dünya" İctimai Birliyinin sığınacağında tanış olduq. Qızın kefi yox idi və mən içəri girəndə dağınıq halda öz mobil telefonunun düymələrini basırdı.
Buna baxmayaraq, Məhfuzə (onu həm də Maya çağırırlar) dərhal öz əhvalatını danışmağa razı oldu.
Yanacaq doldurma məntəqəsində köləlik
Moskvada Maya qırğızıstanlı qızla bir mənzildə yaşayıb. Həmin qız Mayaya Mahaçqalada iş təklif edib və bildirib ki, həmin şəhərdə onun xalası da işləyir.
"Mən ona çox inanırdım və ona görə də noyabrda Mahaçqalaya getdim. Orada məni rəfiqəmin xalası qarşıladı və onlarda qaldım. Səhər işin sahibi ilə danışdım və mənə qeydiyyatla bağlı kömək etməsini xahiş etdim. Qadın dedi ki, hər şeyi düzəldəcək və mənim sənədlərimi götürdü. Üç ay işlədim və pul almadım. Dedilər ki, paltar satacağam, amma bazarda çörək satdım. Heç vaxt bununla məşğul olmurdum, ona görə də məndə pis alınırdı. Qadın çörək sata bilməməyimə görə tez-tez mənə hirslənirdi.
O məni öz rəfiqəsi Mariyaya — Mahaçqaladakı avtoyuyucunun sahibəsinə verdi və pulumu da ödəmədi. Avtoyuyucuda məni demək olar ki, sutkada 24 saat maşın yumağa məcbur etdilər. Praktiki olaraq dincəlmirdim. İşimə görə pul almırdım. Orada başqa gənc oğlanlar da işləyirdilər. Düzdür, onlar mənə sataşmırdılar, lakin məni qışda soyuq su ilə maşın yumağa məcbur edirdilər", — deyə Maya bildirdi.
Bir dəfə Məhfuzə evlərinə zəng vurur. Evdə vəziyyət ağır olur. Valideynlər narahat olmaması üçün bu barədə Mayaya demirlər. Lakin kiçik bacısı bildirir ki, evdə artıq 10 gündür yemək yoxdur, atasının isə dərmanları qurtarıb.
Bunu eşidən Maya Mariyanın yanına gedərək deyir: "Cəmi 100 dollar istəyirəm. Evə göndərəcəyəm, atam xəstədir. Onların yeməkləri yoxdur". Yanacaq doldurma məntəqəsinin sahibəsi bildirib ki, axşam bu barədə danışacaq, lakin bir müddət sonra Maya yenidən Mariyadan pul istəyir.
Axşam Mariya işçilərdən birini çağırır və onlar ikilikdə özbək qızını döyürlər. "Məni möhkəm döydülər, ağzım qanadı, böyrəklərimə zərbə endirildi. Hadisə dekabrda baş vermişdi. Avtoyuyucuda Məhəmməd adlı yaxşı bir oğlan işləyirdi. O dedi ki, Mariya məni asanlıqla buraxmayacaq və ona görə də qaçmalıyam. Məhəmməd sənədləri qaytarmaqda mənə kömək edəcəyinə söz verdi", — deyə Maya bildirdi.
"Ər"dən qaçış
Maya ləngimədən oradan qaçır. O heç gödəkcə və ya palto da geymək üçün ləngimir. Maya Mariyadan qorxduğu üşün heç xəstəxanaya müraciət etmir. Sənədi olmadığı üçün onun Dağıstan ərazisində olması qanunsuz sayılır.
Maya yol kənarına gələrək maşın saxlamaq istəyir və nəhayət, Qasımkənd rayonuna gedən avtobus saxlayır. Avtobusda konduktor işləyən özbək mənşəli şəxs Maya ilə tanış olur.
"Mən ona başıma gələn hər şeyi danışdım. O mənə kömək edəcəyinə söz verdi. Onun iki bacısı var idi. Mən ona üçüncü bacı olmağa söz verdim. Xahiş etdim ki, mənə bacısı kimi baxsın. Çünki artıq hər şeydən bezmişdim və macəra istəmirdim. Mən atama namusumun ləkələnməyəcəyinə söz vermişdim.
"Konduktor məni sakitləşdirdi və mən ona inandım. O məni evinə apardı, ev böyük idi. Otağı pərdə ilə ortadan bölüb iki gün sakit yaşadıq. Üçüncü gün o telefonunu itirdi və məndən xahiş etdi ki, ona zəng edim. Onun telefonunu divanın altından tapdım və ekrana baxanda gördüm ki, məni "arvadım" adı altında qeyd edib. Onda ilk dəfə şübhələndim.
Axşam o dostu ilə danışanda söhbəti eşitdim:
— Arvadın yanındadır?
— Hə, yanımdadır.
— Adı nədir?
— Maya.
Onda onun planlarını başa düşdüm. Bir azdan o içkili halda evə gəldi. Ondan pivə iyi gəlirdi, mən o iyi bilirəm. Həmin gecə qorxudan yata bilmədim. Gecə saat üçdə o, alt paltarında yaxınlaşıb yorğanı üstümdən atdı. Onun nə edəcəyini bilirdim.
Mən yataqdan qalxaraq ona zərbə endirdim. O yıxıldı, mən də onu döyməyə başladım. Sonra mələfə ilə əl-ayağını bağladım. Onun ciblərini axtararaq 1000 rus rublu tapdım. Ona pulu götürdüyümü dedim. Qapını bağlayıb onu içəridə qoydum, açarı isə ayaqyoluna atdım. Bütün bunlar 2016-cı il yanvarın 5-də baş verib", — deyə Maya bildirdi.
Sehrli ağaca doğru
Maya Moskvaya gedir. Məhəmməd və onun nişanlısı Müslümat ona sənədlərini qaytarmaqda kömək edirlər. Moskvada Maya xəbər tutur ki, həmyerlisinin qolunu sındırıb, lakin polisdə bildirirlər ki, zəruri müdafiə olunduğu üçün cinayət işi açılmayacaq.
Bu şəhərdə Maya bir qədər özünə gəlir, müalicə olunur, lakin həkimlər bildirirlər ki, qızın başında hematoma var və ürəyi zəif olduğu üçün əməliyyatdan çıxmaya bilər. Həkimlər ona iqlimi dəyişməyi məsləhət görürlər.
Maya Moskva bazarlarından birinə işə düzəlir. Orada o azərbaycanlı Günellə tanış olur. Günel bildirir ki, onun vətənində — Naxçıvanda sehrlı ağac bitir. O ağacın altında əyləşib arzu tutmaq lazımdır. Ağacdan damcılar düşür. Əgər damcı sənin başına düşsə, arzun həyata keçəcək. Arzuları çox olduğu üçün qız Azərbaycana getmək qərarına gəlir…
"Mən iyulun 25-də Heydər Əliyev hava limanına çatdım. Lakin məlum oldu ki, Naxçıvana uçan təyyarəyə biletlər satılıb və növbəti reys yalnız ertəsi gün olacaq. Mən bu vaxtı haradasa keçirməli idim. Mənə bir nəfər oğlan yaxınlaşdı. Məlum oldu ki, o Naxçıvandandır, amma Bakıda işləyir. Onda Naxçıvan təyyarəsinə bilet var idi və həmin bileti mənə satdı. Mən Naxçıvana uçdum. Ora çatdıqdan sonra avtobusa mindim. Mən ac idim və yol kənarında kafe gördükdə sürücüdən avtobusu saxlamağı xahiş etdim", — deyə Məhfuzə davam edir.Maya kafeyə girib yemək sifariş edir. Ofisiant şəkər tozu gətirmir və Maya ondan ötrü piştaxtaya yaxınlaşır. Geri qayıdanda isə çantasından fotokameranın, bank kartının itdiyini görür. Pullar cibində olduğu üçün yoxa çıxmırlar.
Tezliklə hadisə yerinə polis gəlir. Polislər hadisəni araşdırarkən Mayanın halı xarab olur və huşunu itirir. Qızı xəstəxanaya aparırlar, həkimlər müayinədən sonra polislərə Mayanın beynində xəstəlik olduğunu xəbər verirlər.
"O burada qala bilməz. Sizin problemləriniz olacaq", — deyə həkimlər polislərə bildirirlər. Maya da bu söhbəti eşidir.
Bakıda sevgilisini gözləyir…
Maya sehrli ağacadək gedib çatmır. Özünə gələndən sonra polislər ona Bakıyadək bilet alırlar və Özbəkistan səfirliyinə müraciət etməyi məsləhət görürlər.
"Özbəkistan səfirliyinin əməkdaşları məni bura göndərdilər və beləliklə, mən "Təmiz dünya"ya gəlib çıxdım. Bir-iki cümlə də əlavə edim. Azərbaycan polislərinə təşəkkür etmək istəyirəm. Onlar mənə qarşı mehriban idilər. Bir gün hava limanında qaldım və bütün bu vaxtı onlar mənə diqqət göstərirdilər. Onlar mənə çay gətirdilər, kömək təklif etdilər", — deyə Maya sözünü yekunlaşdırır.
Qızın bir xahişi də var. Moskvada Maya 21 yaşlı naxçıvanlı Ümid Əsədovla tanış olub. Onlar bir-birini seviblər. Ümid telefonla valideynləri ilə Mayanı tanış edib. Onlar övladlarının seçimini bəyəniblər. Onlar iki il ünsiyyətdə olublar. Sonra Ümid yoxa çıxıb. Qızın sözlərinə görə, Ümid əslində Bakıya gəlib və indi buradadır. Əsədovun tanışları bildiriblər ki, o dəli olub. Lakin Maya buna inanmır.
Biz də öz tərəfimizdən Ümid Əsədova müraciət edirik: "Əgər bu məqaləni oxuyursansa, bil ki, Maya səni görmək istəyir".
Р.S.: Tezliklə Mayaya Daşkəndə bilet alacaqlar və o ailəsinin yanına qayıdacaq.