Ölkədəki bəzi ali məktəblərdə yerlərin 60-70%-i boş qalacaq. Bunu avqustun 5-də “Sputnik” Mətbuat mərkəzində “Qəbul imtahanlarının nəticələri ekspertlərin gözü ilə” mövzusunda keçirilən tədbirdə “Təhsil XXI əsr” mərkəzinin rəhbəri Etibar Əliyev bildirib. Onun sözlərinə görə, bu ilki qəbul özünəməxsusluğu ilə seçilir:
“Bu il 78545 abituriyent qəbul imtahanında iştirak edib: birinci qrup üzrə 31397, ikinci qrup üzrə 22135, üçüncü qrup üzrə 19673, dördüncü qrup üzrə isə 5340 nəfər. Göründüyü kimi, texniki və təbiət fənnlərini əhatə edən birinci qrup üzrə abituriyentlərin sayı digər qruplardan çoxdur. Bu sevindirici haldır. Builki qəbul özünəməxsusluğu ilə seçilir. Rəqəmlər də bunu deyir: 39 min plan yerinə 38187 abituriyent iştirak edir, yəni bir yerə bir nəfər”.
Ekspert bildirib ki, bu il özəl ali məktəblərdə yerlərin əksəriyyəti boş qalacaq:
“Özəl ali məktəblərin bu il vəziyyəti ürəkaçan olmayacaq, çünki onlar özlərinə tələbə cəlb etmək üçün heç bir profilaktika ilə məşğul olmadılar, təhsil haqqları yüksək olaraq qaldı. Düzdür, dövlət ali məktəblərində də təhsil haqqları yüksəkdir, amma vətəndaşlar “dövlət” adına çox meyil etdiklərinə görə təhsil haqqları bir o qədər onları maraqlandırmır. Yəqin ki bir çox özəl ali məktəblərdə yerlərin 60-70%-i boş qalacaq”.
Etibar Əliyevin sözlərinə görə, bu il yüksək bal toplayanların sayı artıb. “43.8% abituriyent 200 baldan yuxarı nəticə göstərib. Bu onu söyləməyə imkan verir ki, təhsilin keyfiyyətində müəyyən dəyişikliklər var. Bir sıra islahatların artıq başlandığına görə bu, gözlənilən idi”, — deyə o bildirib.
Ekspert bildirib ki, bununla yanaşı, bir çox ali məktəblərdə qabiliyyət imtahanları ilə bağlı neqativ hallara yol verilir ki, bu da qəbul prosesinə mənfi təsir edir.
Etibar Əliyev bildirib ki, uşaqları yalnız test tapşırıqlarına yönləndirmək düzgün deyil. Belə olan halda onlarda yazmaq və danışmaqla bağlı problemlər yaranır. Şagird və tələbələr öz fikirlərini düzgün ifadə edə bilmirlər. “Test taşırıqlarını yaxşı yerinə yetirə bilən şagird həm də yaxşı danışa bilməlidir. İnşa məsələsini yığışdırmaq lazımdır, onların əvəzinə esselər yazılmalıdır. Bu janr şagirdə öz təfəkkürünü nümayiş etdirməyə imkan verir”, — deyə o bildirib.