BAKI, 5 avq – Sputnik. Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu gün Türkiyəyə səfərə gəlir. Bu səfərin Rəcəb Tayyib Ərdoğanın Rusiyaya planlaşdırdığı ziyarətdən 3 gün öncə gerçəkləşməsi diqqət çəkib. Ekspertlər Nazarbayev-Ərdoğan görüşünün Moskvadakı danışıqlara müsbət təsir edəcəyini iddia edib.
Türkiyəli politoloq Ahmet Şimşek Sputnik-ə Nazarbayevin Ankara səfərini şərh edib.
“Bu ziyarət çox əhəmiyyətlidir. Çünki təyyarə böhranından sonra Türkiyə ilə Rusiya arasındakı münasibətlərin düzəlməsi üçün ən ciddi səy göstərən şəxsiyyət məhz Nazarbayev idi. Qazaxıstan prezidenti Ankara və Moskva arasında problem yarandığı zaman əsl dövlət adamı sifətilə tərəfləri soyuqqanlı davranmağa çağırdı və bununla qalmayıb həlledici vasitəçi rolunu üzərinə götürdü. Münasibətlərin normallaşmasına ciddi töhfə verdi. Halbuki belə bir vəziyyətdə yanğına odunla gedib, vəziyyətdən öz maraqları üçün yararlanmağa çalışan dövlət başçıları da var idi”.
Politoloq iddia edir ki, Türkiyə və Qazaxstan prezidentlərinin Ankaradaki görüşü Putin ilə Ərdoğanın Moskvada avqustun 9-da baş tutacaq görüşünə müsbət təsir edəcək:
“Həm Rusiya, həm də Türkiyə dünya sülhünün təmin edilməsində vacib rol oynayır. Əslində bura Qazaxstanı da əlavə etməliyik. Hər üç ölkə də həm Avropada həm də Asiyada torpaqları olan ölkələrdir. Bu səbəbdən strateji cəhətdən birinci sinif ölkələr hesab edilirlər. Avropa Birliyi, hətta bütün Avropa iqtisadi və siyasi etibar baxımından getdikcə önəmini itirməkdədir. Türkiyə, Qazaxıstan və Rusiya isə həm iqtisadi olaraq həm də güvən olaraq tam əksinə, güclənən dövlətlərdir. Belə bir vəziyyətdə dünya mediasının gərək Nazarbayevin Türkiyə ziyarətinə, gərəksə də Ərdoğanın Rusiya ziyarətinə ciddi maraq göstərəcəyinə inanıram”.
Ahmet Şimşek Türküstan coğrafiyasında ən sabit və ən inkişaf etmiş ölkənin Qazaxıstan olduğunu xatırladıb:
“Xəritəyə baxdığımız zaman torpaqlarının genişliyi baxımından dünyanın doqquzuncu böyük ölkəsi Qazaxıstandır. Bu ölkə 2017-18 illərdə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının müvəqqəti üzvlüyünə seçilib. Türkistan coğrafiyasına baxan zaman ən sabit və ən inkişaf etmiş ölkənin Qazaxıstan olduğunu görürük. Nazarbayev və Ərdoğan bir-birlərinin ölkələrini ən çox ziyarət edən prezidentlərdir. Bu qardaşlıq inşallah sonsuza qədər davam edər. Həm də unutmayaq ki, Qazaxıstan türklərin ata yurdudur”.