BAKI, 5 avq — Sputnik. “Yi-lan Beynəlxalq Uşaq Folkloru və Folklor Oyunu üzrə Festival 2016”-da Azərbaycan günü keçirilib.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Tayvanın şimal-şərqində yerləşən Yi-lan dairəsinin Dong-Shan River Chin-shue Park mərkəzində “Yi-lan Beynəlxalq Uşaq Folkloru və Folklor Oyunu üzrə Festival 2016” avqustun 15-dək davam edəcək.
İyulun 15-də başlayan festivalda ölkəmizi Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 11 nömrəli 11 illik musiqi məktəbi və V.Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbinin şagirdlərindən ibarət birləşmiş “Aysel-Buta” Folklor qrupunun üzvləri təmsil edir.
Festival çərcivəsində Azərbaycan günü keçirilib. Azərbaycanın xalq çalğı alətlərində — nağarada "Ritmlər", tarda "Şur", kamançada "Mahur", qarmonda "Segah", klarnetdə "Cahargah", pianoda "Bayatı-Şiraz" muğamları və "Aysel-Buta" rəqs qrupu tərəfindən "Yallı", "Nəlbəki", "Naz elemə" rəqsləri ifa olunub.
Tamaşaçılarla birgə Azərbaycanın milli yaylıq atma oyunu keçirilib. Festivalda həmçinin, ölkəmizin qədim və zəngin mədəniyyətinin təbliği, habelə rəqslərin və milli geyimlərin nümayişi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, avqustun 7-də festival çərçivəsində Azərbaycan mətbəxi günü keçiriləcək
Festival avqustun 15-dək davam edəcək.