"Regionun qaza olan illik tələbatı 50 mlrd. kubmetr səviyyəsindədir. Bunu nəzərə alaraq deyə bilərik ki, biz başqa ölkələrə, xüsusilə Avropa ölkələrinə ildə 30 mlrd. kubmetrədək qaz sata bilərik. Regionun 10-a yaxın ölkəsinin İran qazına ehtiyacı var. Hazırda Çin və Hindistana qaz ixracı məsələsi də gündəmdədir. Bundan başqa, bizim Cənubi Koreya və Yaponiyaya sıxılmış qaz satmaq imkanımız var", — deyə məmur qeyd edib.
İqtisadçı-ekspert Vüqar Bayramovun fikrincə, İranla Qərbin münasibətlərinin yaxşılaşdırılması eyni zamanda İranın enerji resurslarının Avropa və dünya bazarına çıxış imkanlarının artırılması deməkdir. Sözsüz ki, İranın enerji resurslarının Avropa bazarlarına çıxarılmasında Azərbaycan tranzit ölkə olaraq kifayət qədər həlledici rola və mövqeyə malikdir:
"Hazırda Azərbaycan TANAP və TAP kəmərinin reallaşdırılması ilə bağlı kifayət qədər ciddi təşəbbüs ortaya qoyub. Bu təşəbbüsün reallaşdırılması yalnız Azərbaycanın deyil, eyni zamanda regionunun mavi qazının Avropa bazarına çıxarılmasını təmin edəcək".
Onun sözlərinə görə, TAP-ın ötürmə qabiliyyətinin illik 60 milyard kubmetr olacağını nəzərə alsaq, İranın TAP lahiyəsinə qoşulma ehtimalı kifayət qədər yüksəkdir.
Yeri gəlmişkən, onu da vurğulamaq lazımdır ki, İran İslam Respublikası sanksiyanı ləğv etdikdən dərhal sonra gündəlik neft hasilatını 500 min barel artırmaq niyyətindədir. OPEK-in münasibətinə gəlincə isə İran rəsmiləri bunu nəzərə almaq niyyətində deyillər. İranın neft naziri Bijan Namdar Zanqane bildirib:
"Bizə neft ixracı üçün heç kəsdən icazə almaq lazım deyil, bizim məhsullar onsuz da bazara daxil olacaq".
Amma OPEK-in neft hasilatını azaltmamaqda israrlı olması, Rusiyanın da belə mövqeyi bölüşməsi yaxın perspektivdə İran neftinin bazarda özünə yer tuta biləcəyini şübhə altına salır. Bunun üzərinə Səudiyyə Ərəbistanı ilə əbədi rəqabəti də gələrək, Suriya böhranının hələ çözülməməsini də nəzərə alsaq, prosesin hardasa dalana dirəndiyi qənaətinə də gəlmək mümkündür.
Xatırladaq ki, nüvə proqramına dair "altılıq" ölkələri ilə razılaşmadan sonra İrana qarşı uzun müddətdir davam edən beynəlxalq sanksiyalar götürülüb.