BAKI, 3 avq-Sputnik. "Hazırda Türkiyədə edam cəzası yoxdur. Avropanın xaricində dünyada bir çox ölkədə edam hələ də varmı, var. Amerika, Yaponiya, Çin, Hindistan, İndoneziya, Banqladeş, İran, Pakistan, Tayvan, Belarus, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Dominikan, Kuba, Baham adaları, bütün bunlarda hələ də edam var. Yalnız Avropa İttifaqına üzv ölkələrdə yoxdur."
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın "RaiNews24" telekanalına müsahibəsində deyib.
Ərdoğan onu da deyib ki, aparılan araşdırmalara görə, Türkiyə əhalisinin 75%-i ölüm hökmünün bərpasını istəyir.
Türkiyə prezidenti əgər parlament qərar verərsə, ölkədə edam cəzasının bərpa olunacağını bildirib.
Bəs əslində vəziyyət necədir? Türkiyənin üfüqündə edam cəzası görünürmü?
Bu məsələni Sputnik-ə şərh edən tanınmış vəkil Fuad Ağayev xatırladıb ki, Türkiyə hələ də İnsan Hüquqlarının Müdafiəsi haqqında Konvensiyanın və ona dair protokolların iştirakçısıdır:
"Türkiyə öz üzərinə beynəlxalq öhdəlik götürüb ki, ölkədə ölüm cəzası tətbiq olunmayacaq. Nə qədər ki, həmin protokol qüvvəsini saxlayır, bu məsələnin referenduma çıxarılması Türkiyənin beynəlxalq hüquqi öhdəlikləri ilə bir araya sığmır".
Vəkilin sözlərinə görə, referenduma çıxarılacağı və hətta müsbət dəstəklənəcəyi təqdirdə belə Türkiyə Respublikasına müəyyən müddət lazımdır ki, qanunvericiliyə müvafiq dəyişikliklər etsin. Yəni, ən azı Türkiyənin ölüm cəzasını qadağan edən beynəlxalq müqavilələrdə iştirakına xitam verilməlidir. Bu isə bir həftəlik, bir aylıq məsələ deyil.
"Türkiyə ölüm cəzasının qadağan olunması ilə bağlı üzərinə beynəlxalq öhdəlik götürməsəydi, bu məsələni referendumsuz da həll edə bilərdi. Parlament səviyyəsində qanunvericiliyə dəyişiklik etməklə bunu həll etmək olardı. Ancaq müəyyən öhdəliklər artıq götürülüb"- deyə vəkil əlavə edib.
"Hüquqda hadisə baş verən zaman mövcud olan hüquqi qaydalar tətbiq olunur. Türkiyədə çevriliş cəhdinə qatılanların bilavasitə edamla mühakimə məsələsi hüquqi baxımdan mümkün deyil. Çünki, hadisə baş verən zaman qüvvədə olan qanunvericilikdə edam cəzası yox idi. 15 iyuldan sonra gələn prosedurlar 15 iyuldan sonra törənən hadisələr üçün keçərli ola bilər. Bu baxımdan, Ərdoğanın ortaya atdığı məsələnin daha çox ictimai rəyə oynanılan bir siyasi gediş olduğunu düşünürəm" — deyə ekspert bildirib.
Ə.Məmmədli əlavə edib ki, yaxın vaxtda Türkiyənin belə sürətli geriyə addım atıb, Avropa Şurasından çıxıb, Avropa Konvensiyasının qoşulduğu protokollardan imtina edib, ölüm hökmünü bərpa ehtimalını az görür.
"Əlbəttə, bu da mümkündür. Amma bu, Türkiyənin beynəlxalq imicinə böyük zərbə olar. Çünki, xüsusilə də Avropada edam hökmü sivil dönəmdə, yəni, müharibə vəziyyətində olmayan dövrdə tətbiq olunmur"- deyə Ələsgər Məmmədli bildirib.