BAKI, 3 avq-Sputnik. Media və Mülki Cəmiyyət İctimai Birliyi "Şimal bölgəsində gənclərin dini radikalizm təzahürləri ilə mübarizə yönümündə maarifçilik aksiyalarının təşkili" mövzusunda layihə həyata keçirir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə baş tutan layihənin hazırlıq işləri artıq yekunlaşmaq üzrədir. Bu barədə layihənin rəhbəri, Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov məlumat verib. Layihə rəhbəri bildirib ki, layihə çərçivəsində şimal bölgəsində yerləşən rayonlarda (Xaçmaz, Quba, Qusar) gənclər arasında dini radikal ekstremizmə qarşı mübarizə yönümündə maarifçilik aksiyaları təşkil ediləcək, maarifləndirmə və məlumatlandırma tədbirləri həyata keçiriləcək.
"Xaçmaz şəhərində "Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu", Quba şəhərində "Azərbaycan — tolerantlıq diyarı" və Qusar şəhərində "Dini radikalizmin doğurduğu təhlükələr" mövzusunda gənclərin, yerli ilahiyyatçıların, tanınmış pedaqoqların, müxtəlif dini konfessiya və müvafiq dövlət qurumları təmsilçilərinin iştirakı ilə dəyirmi masaların keçirilməsi nəzərdə tutulub. Həmin tədbirdə mövcud problemlər və çıxış yolları müzakirə olunacaq"- deyə, X.Əhmədov əlavə edib.