Bakıda "Nizami" kino mərkəzində Milli Kino gününə həsr olunmuş təntənəli tədbir keçirilib.
"Bu, kinematoqrafın inkişafı üçün çalışan, milli kino sənayesi üçün çətin olan dövrü keçmiş və kinomuzu keyfiyyətcə yeni mərhələyə çıxarmış insanların bayramıdır", — deyə Sputnik-ə müsahibəsində məşhur yazıçı və kinodramaturq Natiq Rəsulzadə bildirib.
Öz növbəsində Azərbaycan Kinematoqrafçılar İttifaqı bu il yubileyini qeyd edən kino xadimlərini mükafatlandırıb.
Bu bayramda premyera da olub. Azərbaycanın əməkdar incəsənət xadimi, rejissor Ayaz Salayev Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının çəkdiyi "Qarabağın həsrət salnaməsi" layihəsini təqdim edib.
"Bu, sosial, belə demək olarsa, internet layihədir və məqsədi Azərbaycan xalqının Qarabağ probleminə baxışını göstərməkdir", — deyə Ayaz Salayev Sputnik-ə bildirib.
Həmçinin "Azərbaycanfilm" kinostudiyasında çəkilmiş "40-cı paraleldə" kinoalmanaxı nümayiş etdirilib. Almanaxa "Qara bağ", "Onun atası" və "Postskriptum" qısametrajlı filmləri daxil olublar.