BAKI, 2 avq-Sputnik. "Sadəcə gənc ssenaristlər və rejissorlar zəifdirlər. Onlar özlərini inkişaf etdirə bilsələr, yaxşı filmlər də yarada bilərlər."
Bu fikirləri Azərbaycanın Milli Kino Günü ilə bağlı Sputnik-ə açıqlama verən tanınmış kinoşünas və rejissor Ayaz Salayev deyib. Azərbaycanda bu gün kino sənətinin istənilən səviyyədə olmamasının səbəblərinə aydınlıq gətirən Salayev deyib:
"Sovet dövrünə nisbətən bu gün Azərbaycan kinosunun funksiyası dəyişib. Bu problem hazırda keçmiş SSRİ-yə daxil olan digər respublikalarda da mövcuddur. SSRİ dövründə filmlər daha yaxşı çəkilirdi və baxılırdı. Bu gün isə filmlər yaxşı çəkilmir və tamaşaçı toplaya bilmir. Keçmişdə film Sovet dövlətinə daxil idi, onun bir hissəsi idi və bu cür yaşayırdı. Azərbaycan müstəqillik qazanandan sonra isə Azərbaycan kinosu da müstəqillik qazandı, beynəlxalq müsabiqələrə qoşuldu. Sadəcə bu günün kinosu 21-ci əsr kinosudur və bu, tam fərqli kinodur."
Azərbaycanda yeni yaranan ssenarilər və filmlərdən razı qalmadığını vurğulayan Azərbaycanın əməkdar incəsənət xadimi Ayaz Salayev bildirib ki, hazırda istedadları və keyfiyyətli ssenariləri üzə çıxarmaq üçün kino müsabiqəsi keçirir. Lakin hələ ki, onu qane edən bir şey üzə çıxmayıb:
"Bizə çox sayda ssenarilər və filmlər təqdim edilir. Hələ ki, gələn film ssenarilərindən birini də bəyənə bilməmişəm. Güclü ssenari yoxdur. Bu gün gənc rejissorlar üçün pul ayrılır və müsabiqələr keçirilir. Sadəcə gənc ssenaristlər və rejissorlar zəifdir. Onlar özlərini inkişaf etdirə bilsələr, yaxşı filmlər də yarada bilərlər."
Kinotənqidçi və aktyor Ülvi Mehdi isə Sputnik-ə bildirib ki, Azərbaycan kinosunun bu gündə olmasının səbəbi güclü təhsilə malik mütəxəssislərin yetişməməsidir:
"SSRİ dövründə filmlərin professional səviyyədə çəkilməsi və keyfiyyətli olması bu gün də onlara tələbat yaradır. Onların davamlı şəkildə nümayişi və tamaşaçı qazanması təsadüfi deyil. "Bu gün niyə keyfiyyətli filmlər yoxdur" sualına cavab axtarsaq, deyə bilərəm ki, bu gün bu sahə üzrə güclü təhsil alan rejissorlar yoxdur. Onlar keyfiyyətli təhsil ala bilmədikləri üçün keyfiyyətli filmlər ərsəyə gətirə bilmirlər."
Bununla belə, o qeyd edib ki, bu gün Azərbaycanda Teymur Hacıyev, Elmar İmanov, Rüfət Həsənov, Elvin Adıgözəl, Anar Abbasov kimi kinorejissorlar da var və onlar heç kimdən asılı olmadan özləri maliyyə taparaq film çəkirlər, ölkəmizi beynəlxalq festivallarda təmsil edirlər. Bu da sevindirici haldır.
Kinotənqidçi Azərbaycan Kinematoqrafçılar İttifaqının fəaliyyətinə də toxunub.
"Bu təşkilatın işi yaradıcılıq baxımdan rejissorlarla iş görməkdir. Bu təşkilat bir neçə il öncə ssenaristlərin müsabiqəsini keçirib. Hətta kinoya aidiyyatı olmayan, heç vaxt kinostudiyaya getməyən bir nəfər "İkinci güllə" adlı ssenarisi ilə qalib olub. Bu yaxınlarda ikinci ssenaristlər müsabiqəsi keçiriləcək. Kinematoqrafçılar İttifaqı eyni zamanda kino sahəsində olan insanların yaradıcılıq gecələrini də keçirir." — deyən Ü.Mehdi kinomuzun gələcəyinin qaranlıq olmadığını bildirib.