Bu fikirləri "Sputnik"ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib.
Azərbaycan prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) ölkə vətəndaşlarının güzəştli şərtlərlə mənzilə sahib olmasını təmin etmək məqsədilə artıq ilk layihəsinin icrasına başlayır.
Vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə inşa olunacaq ilk mənzillər Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi Avtomobil yolunun kənarında yerləşən və sahəsi 11,6 hektar təşkil edən ərazidə tikiləcək. Nazirlər Kabinetinin qərarı ilə sözügedən ərazi Dövlət Agentliyinin tabeliyində olan və çoxmənzilli binaların tikintisinin sifarişçisi qismində çıxış edən MİDA MMC-nin sərəncamına verilib.
Nəzərdə tutlan şəhərcikdə çoxmənzilli binalarla yanaşı vətəndaşların zəruri ehtiyaclarının ödənilməsini təmin etmək məqsədilə müvafiq sosial infrastrukturun (məktəb, uşaq bağçası və s.) yaradılması, habelə məişət və xidmət obyektlərinin istifadəyə verilməsi də nəzərdə tutulur. Seçilmiş ərazidə çoxmənzilli binaların tikintisinə başlanılması üçün artıq şəhərsalma əsaslandırılmasının hazırlanması başa çatmaq üzrədir.
İqtisadçı ekspert Nicat Hacızadənin sözlərinə görə, MİDA-nın yaradılmasında əsas məqsəd əhalinin mənzil şəraitinin yaxşılaşdırılmasıdır. "Təbii ki, bu yaxşılaşdırmanın da hədəf götürdüyü əsas məsələ vətəndaşların həmin mənzillərə əlçatanlığının təmin olunmasıdır. Orta təbəqə nümayəndələrinin, xüsusilə də aztəminatlı ailələrin mənzil alma problemləri mövcuddur. Digər tərəfdən ipoteka şərtləri ilə mənzillərin alınmasında da bir sıra problemlər mövcuddur", —deyə ekspert Sputnik-ə açıqlamasında bildirib.
N. Hacızadənin fikrincə, güzəştli şərtlərin hansı güzəşt kateqoriyasına aid ediləcəyi və əhalinin buna çıxışının nə dərəcədə təmin olunacağını zaman göstərəcək.
Xatırladaq ki, dövlət başçısının aprelin 11-də verdiyi sərəncamda MİDA-nın inşa etdiyi çoxmənzilli binalardan vətəndaşların mənzilləri güzəştlərlə əldə etməsi qaydasına dair təklifləri iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək tapşırılmışdı. Bu qaydaların nədən ibarət olacağı haqqında isə hələlik mediada məlumat yoxdur.
Onu da qeyd etmək lazımdır ki, ilkin hesablamalara görə, salınacaq şəhərcikdə 2 minə yaxın mənzil tikiləcək.
"MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyir ki, ümumən heç bir ölkə heç vaxt mənzil problemini tam olaraq aradan qaldıra bilməyib. Onunu fikrincə, belə addımın atılması müəyyən qədər mövcud problemin yumşaldılmasına yönəldiyindən, onu daha çox sosial lahiyə kimi dəyərləndirmək olar.
Prezident İlham Əliyev aprelin 11-də "Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında" Fərman imzalayıb. Fərmana əsasən, "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin təsdiq edilməsi və nizamnamə kapitalının müəyyən olunması, habelə Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. "MİDA"-nın sərəncamına verilən torpaq sahələrində inşa ediləcək tikinti obyektlərinin tikinti ərazisinədəki mühəndis-kommunikasiya təminatı sistemi və xətləri dövlət büdcəsinin vəsaiti hesabına çəkiləcək. Cəmiyyətin sərəncamına verilən torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində və dövlət torpaq kadastrında qeydiyyatı da dövlət büdcəsinin vəsaiti hesabına aparılacaq.