BAKI, 1 avq — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə vətəndaşlarının vizasız səyahətini təmin etmək üçün Avropa İttifaqına bu ilin oktyabr ayına qədər vaxt verib.
Sputnik bloomberght-ə istinadla xəbər verir ki, Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibə verən Türkiyə XİN rəhbəri oktyabr ayına qədər Türkiyə vətəndaşları üçün vizasız səyahətin təmin edilməyəcəyi təqdirdə Avropa İttifaqı ilə imzalanan miqrantların geri qəbuluna dair sazişin nəzərə alınmayacağını söyləyib.
Türkiyənin bu gözləntisini bir təhdid olaraq görmək lazım deyil deyən Çavuşoğlu bildirib ki, əgər vizasız səyahət təmin edilməzsə, miqrantlara dair saziş ilə bağlı geri addım atmaq məcburiyyətində qalacağıq.
Mövlud Çavuşoğlu Türkiyə hökumətinin viza ilə bağlı qəti tarix gözlədiyini vurğulayıb: “Bu oktyabr ayının əvvəli ya da ortası ola bilər, lakin biz qəti tarix gözləyirik”.
Türkiyənin bu addımı uzun zamandır atılması lazım olan bir siyasət kimi şərh edilməlidir. Avropa İttifaqının verdiyi vədlərə əməl etməməsi və bu məsələni uzatması qəbul edilən deyil.
Bu sözləri Türkiyənin "Strategic Outlook" analitik mərkəzinin həmsədri Mehmet Fatih Öztarsu məsələ ilə bağlı Sputnik-ə açıqlamasında deyib.
Ekspert bildirib ki, qaçqınlar ilə bağlı Türkiyənin qarşılaşdıqları problemləri Avropa diqqətə almır. Halbuki Türkiyənin görəcəyi iş çox sadədir. Eyni ilə Avropanın diqqətsiz davrandığı kimi, Türkiyə də miqrantlara Avropanın yolunu göstərə bilər və kimsə buna qarşı gələ bilməz.
O, deyib: “Nazirin dediyi kimi, Türkiyə yetərincə səbr edib. Vədinə əməl etməyən tərəfə qarşı lazımlı addımların atılması üçün zaman ötməkdədir”.
Azərbaycanlı politoloq Qabil Hüseynli Sputnik-ə açıqlamasında deyib ki, son zamanlar Türkiyənin hərəkətlərində bir çaşqınlıq var. Bunun təsiri altında Avropanın hərəkətləri də qaneedici deyil: “Qaçqınlarla bağlı vəziyyəti həll etmək üçün Türkiyəyə birdəfəlik 3 milyard avro ödəniş edilməsi məsələsi var. Avropa İttifaqı pulu verməkdə xəsislik edir, pulu vermək istəmir. Aİ Türkiyədə “Terrorla mübarizə haqqında” qanunun dəyişdirilməsi ilə bağlı tələblər irəli sürür. Bu isə Türkiyənin milli təhlükəsizliyi ilə bağlı olan bir məsələdir. Burada Türkiyənin güzəştə getməsi mümkün deyil”.
Politoloq bildirib ki, Avropa ölkələrinin bəzilərində terrorla bağlı qanunda Türkiyədəki qanuna oxşar müddəalar var. Ona görə də Türkiyə bu məsələdə haqlıdır və onun təhlükəsizliyinə zərər gətirən məsələlərdə əsla güzəştə gedə bilməz.
“Avropa vizasız gediş-gəliş məsələsinin həyata keçirilməsinə imkan verməyəcək. Avropa bu məsələni uzatmağa davam edəcək. Arzu edirəm ki, Avropa İttifaqı öz vədlərinə əməl etsin”, — deyə o qeyd edib.
Qeyd edək ki, Türkiyə Avropa İttifaqı ilə imzaladığı və iyunun 1-dən miqrantların geri qəbulunu nəzərdə tutan sazişin tətbiqini təxirə salıb. Ankara bunu Türkiyə və Avropa İttifaqı arasında viza rejiminin aradan qaldırılmasını nəzərdə tutan dialoqun nəticə verməməsi ilə əlaqələndirib.
16 dekabr 2013-cü ildə Türkiyə və Avropa İttifaqı arasında imzalanan və 2014-cü ildə Türkiyə Böyük Millət Məclisində qəbul edilən razılaşma 1 iyun 2016-cı ildən qüvvəyə minməli idi. Razılaşma Türkiyədən keçərək Danimarka və İtaliya istisna olmaqla, Avropa İttifaqı ölkələrinə qeyri-leqal yolla gedən üçüncü ölkə vətəndaşlarının Türkiyəyə qaytarılmasını nəzərdə tutur.