Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 29 iyul — Sputnik. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün, 2016-2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavr pilləsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirib. İmtahan Bakı şəhərində və TQDK-nın regional mərkəzlərinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Ağcabədi, Göyçay, Şirvan və Xaçmaz şəhərlərində təşkil olunub.
Sputnik-in bölgə müxbiri xəbər verir ki, Lənkəranda şəhər 4 saylı məktəb-liseydə keçirilən imtahanda abituriyentlər təqdim olunan mövzulardan biri üzrə inşa yazıblar. TQDK-nın Lənkəran Regional Bölməsinin sədri Əbdüləhəd Bağırovun sözlərinə görə, imtahanda 40 abituriyentin iştirakı nəzərdə tutulub, lakin onlardan 16 abituriyent imtahanda iştirak edib. İmtahanda iştirak edənlərin 5 nəfəri qız, 11 nəfəri oğlan olub.