BAKI, 29 iyul — Sputnik. Böyük Britaniyanın "Daily Express" qəzetinin Azərbaycanı terror riskinin yüksək olduğu ölkələr siyahısına daxil etdiyi barədə xəbər vermişik. Belə bir informasiyanın yayılması, heç şübhəsiz ki, cəmiyyətdə ciddi narahatlığa və qorxuya səbəb olub. Britaniyada hazırlanan və ölkəmizin adının da çəkildiyi siyahı sosial şəbəkələrdə yerli istifadəçilər arasında da ciddi müzakirə olunur.
Bakı Dövlət Universitetinin (BDU) kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Kamil Səlimov Sputnik-ə açıqlamasında İŞİD terror təşkilatının Azərbaycanla bağlı xüsusi planlarının olduğunu deyib: "Bu məsələdə bir neçə reallıq var. İlki budur ki, Azərbaycan özü dəfələrlə rəsmi şəkildə bəyan edib ki, işğal altında olan Dağlıq Qarabağda terrorçuluq ən yüksək səviyyədə yayılmaqdadır. Həmin ərazilər hazırda Azərbaycanın nəzarətində olmadığı üçün narkotik və silah ticarətindən geniş istifadə olunur. Terrorçu təşkilatlar orada baş alıb gedir".
"İkincisi, İŞİD terror təşkilatının geosiyasi məqsədlərindən biri dövlət yaratmaqdır. Və terrorçular həmin uydurma dövlətin tərkibinə Şimali Qafqazla birlikdə Azərbaycan ərazisini də qatmaq istəyirlər. Və təbii ki, İŞİD öz siyasi problemlərini realizə etməlidir, bunun üçün də terror aktlarını həyata keçirir", — K. Səlimov bildirib.
Ekspertin sözlərinə görə, onlar belə bir planı Azərbaycan üçün də hazırlaya bilərlər: "Ancaq şükür Allaha ki, indiyə qədər bizdə terror aktını həyata keçirə bilməyiblər. Burada bizim xüsusi xidmət orqanlarının, təhlükəsizlik təşkilatlarının önəmli rolu var".
Professor, bütün risklərə baxmayaraq, Azərbaycan hökumətinin qlobal terrorçuluqla mübarizədə aktiv rol oynadığını yada salıb: "Əfqanıstanda aparılan antiterror əməliyyatında Azərbaycanın rolu çox böyükdür. Çünki bütöv hərbi və humanitar yüklər Azərbaycan ərazisindən birbaşa Əfqanıstana aparılır".
Millət vəkili Araz Əlizadə isə yayılan məlumata ciddi yanaşmır: "Britaniya mətbuatında qeyri-ciddi hesab olunan qəzetlərdən biri, məhz "Daily Express"dir. Bu qəzet bir neçə gün əvvəl xəbər yaymışdı ki, Rio Olimpiya oyunlarına 40-dan çox Rusiya idmançısı buraxılmayacaq. Artıq dünən bu say 273 nəfər olaraq qeyd olunurdu".
"Təəssüflər olsun ki, Böyük Britaniya kimi bir dövlət hazırda Amerika Birləşmiş Ştatlarının koloniyasına çevrilib. Həm də onu qeyd etmək istəyirəm ki, Azərbaycan onsuz da turist ölkəsi deyil. Ona görə belə məlumatları ciddi qəbul etmirəm", — deyə Araz Əlizadə əlavə edib.
Xatırladaq ki, Böyük Britaniyanın "Daily Express" qəzeti Avropada turistlərin təhlükəsizliyi baxımından ölkələrin reytinqini tərtib edib. Məlumatlar Böyük Britaniya Xarici İşlər Nazirliyindən alınmış informasiya əsasında hazırlanıb və bu yay ölkə xaricində istirahət etmək qərarına gəlmiş britaniyalılar üçün tövsiyə xarakteri daşıyır.
Ən yüksək terror aktivliyi riski olan ölkələr siyahısında İspaniya, Böyük Britaniya, Türkiyə, Belçika, Fransa, Almaniya və Rusiya kimi Avropa dövlətləri yer alıb. Azərbaycan, Ukrayna, İtaliya, Yunanıstan, Danimarka, İsveç, Qazaxıstan, Makedoniya, Avstriya, Kipr, Bosniya və Herseqovina terror aktivliyi riski orta olan ölkələr siyahısına daxil edilib.
"Daily Express"in reytinqində terror aktivliyi riski aşağı olan ölkələr isə Albaniya, Belarus, Bolqarıstan, Gürcüstan, Xorvatiya, Finlandiya, İrlandiya, Lüksemburq, Monako, Çernoqoriya, Norveç, Portuqaliya, Rumıniya, Serbiya və Slovakiyadır. Andorra, Çexiya, Estoniya, Macarıstan, İslandiya, Latviya, Lixtenşteyn, Litva, Malta, Moldova, Polşa, San Marino, Sloveniya və İsveçrə isə təhlükəsiz ölkələr kateqoriyasına aid edilib.