BAKI, 28 iyul-Sputnik. Beynəlxalq ekspertlər qrupu gözlənilməz kəşf edib. Alimlər müəyyən ediblər ki, "pis xolesterin" uzunömürlülük mənbəyidir.
Sputnik informing.ru-ya istinadla xəbər verir ki, bununla da alimlər həmin maddənin insan orqanizmi üçün "ziyanlı" olması haqqında məşhur müddəanı təkzib ediblər. Məlumdur ki, həkimlər müxtəlif xəstəliklərin yaranmasını məhz zərərli xolesterinlə əlaqələndirirlər.
Mütəxəssislər bildiriblər ki, xolesterinin insan orqanizmi üçün zərərinin izahı yoxdur. Alimlər bu qənaətə təxminən 70 min 60 yaşlı adamın iştirak etdiyi tədqiqatın nəticələrinə əsasən gəliblər. Tədqiqatın bütün obyektləri diqqətlə müayinə olunub, onların sağlamlıq durumu qiymətləndirilib. Bundan sonra onların qanlarında "pis xolesterin"in miqdarı ölçülüb.
Məlum olub ki, xolesterin nəinki zərərsizdir, hətta faydalıdır. Sağlamlıq üçün "düşmən" hesab edilən bu maddənin ürək xəstəlikləri ilə heç bir əlaqəsi yoxdur, üstəlik, xolesterin insanları Altsheymer və Parkinson kimi xəstəliklərdən qoruyur.
Eyni zamanda ekspertlər etiraf edirlər ki, "pis xolesterin" gənc nəsil üçün təhlükəlidir. Onlar bu maddənin nə üçün gənclərdə ateroskleroz yaratmasının, yaşlı nəslin nümayəndələrini isə nevroloji xəstəliklərdən qorumasının səbəblərini müəyyən etmək niyyətindədirlər.