BAKI, 28 iyul — Sputnik. 21-22 iyulda Filippinin paytaxtı Manila şəhərində Açıq Hökumət Tərəfdaşlığı (AHT) çərçivəsində "Asiya-Sakit Okean Regional Dialoq" adlı ikigünlük konfrans keçirilib. Asiya İnkişaf Bankının mənzil qərargahında keçirilən tədbirə Sakit Okean hövzəsi və Asiya qitəsini AHT-də təmsil edən 12 ölkənin 100-ə qədər iştirakçısı qatılıb.
Bu barədə Sputnik-ə məlumat verən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bildirib ki, Cənubi Qafqaz ölkələrinin dövlət qurumlarının nümayəndələri və vətəndaş cəmiyyəti təmsilçiləri də bu tədbirə qatlıb. Regional konfransda Azərbaycan yalnız vətəndaş cəmiyyəti səviyyəsində təmsil olunub. S.Əliyevin sözlərinə görə, vətəndaş cəmiyyətinin Azərbaycanın AHT təşəbbüsündə qalmasında maraqlı olduğunu, ölkəmizin statusunun yaxşılaşdırılması üçün hökumətlə dialoqa hazır olduqlarını vurğulayıblar.
S.Əliyev qeyd edib ki, regional tədbir qarşıya 3 məqsəd qoymuşdu:
— Uğurlu təcrübələri bölüşməkdə və mənimsəməkdə ölkələr üçün məkanın yaradılması;
— AHT üzrə yeni qəbul edilmiş Milli Fəaliyyət Planlarının (2016-2018) təqdimatı və rəylərin alınması;
— Milli Fəaliyyət Planlarının dəstəklənməsi üçün tələblərin müəyyənləşdirilməsi.
Müzakirələrdə həm dövlət qurumlarının, həm də vətəndaş cəmiyyətinin nümayəndələri ayrı-ayrılıqda təmsil etdikləri ölkələr üzrə yeni Milli Fəaliyyət Planının icra vəziyyəti barədə qısa açıqlamalar verdilər. Hər bir ölkə təmsilçisi AHT sahəsində həyata keçirdikləri layihələr və təşəbbüslər, əldə olunan nailiyyətlər barədə çıxış edilər. Monqolustanda mineral, neft və daşınmaz əmlaka sahiblik lisenziyalarının ictimai onlayn bazası yaradılıb. Gürcüstanda vətəndaşların hökumətə təkliflərinin çatdırılması üçün I-change.ge elektron petisiya platforması yaradılıb. Ermənistanda Maliyyə Nazirliyi büdcə xərclərinin elektron bazasını yaradıb və xərc maddələrinin təşkilatlar və sahələr üzrə bölgüsü göstərilib.
Hökumət qurumları ilə vətəndaş cəmiyyəti arasındakı dialoq tədbirin əsas müzakirə mövzusu oldu. AHT-nin baş direktoru Sanjay Pradhan çıxışında Açıq Hökumət Təşəbbüslərinin dəstəklənməsini vətəndaşların hüquq və imkanlarının artırılması üsulu kimi görür: "Üzv ölkələrin ambisiyalarını artırmaq lazımdır ki, vətəndaşların ən mühüm tələbləri ödənilməklə onların həyat səviyyəsi nəzərəçarpacaq dərəcədə yüksəlsin. Bunun üçün prosesə daha çox hökumət qurumu və vətəndaş cəmiyyəti qoşulmalıdır".
S.Əliyevin sözlərinə görə, hökumət qurumları ilə vətəndaş cəmiyyəti arasındakı dialoq Azərbaycan üçün də aktualdır. Müzakirələrdən məlum olub ki, İndoneziya, Monqolustan, Filippin, Gürcüstan və Ermənistanda AHT təşəbbüslərinin yayılması üçün hökumət qurumları, vətəndaş cəmiyyəti nümayənlərinin iştirakı ilə konsultativ mexanizmlər yaradılıb: "Məsələn, Gürcüstanda hökumət və vətəndaş cəmiyyətinin iştirakı ilə Forum yaradılıb. Forum həmsədrlik prinsipi ilə idarə edilir. Həmsədrlər hökumət və vətəndaş cəmiyyəti nümayəndələri arasından seçilir. Digər ölkələrdə də analoji mexanizmlər fəaliyyət göstərir".
"Tədbir iştirakçıları hökumət-vətəndaş cəmiyyəti dialoqu barədə ətraflı danışdıqları halda Azərbaycanda belə dialoqun olmaması təəssüf hissi doğurur. Azərbaycan AHT təşəbbüsünə ilk qoşulan ölkələrdəndir. Hökumət AHT ilə bağlı 2 dəfə Fəaliyyət Planı qəbul edib. Yeni Fəaliyyət Planı 2016-cı ildə qəbul edilib. Ancaq 4 illik fəaliyyət dövründə AHT çərçivəsində vətəndaş cəmiyyəti ilə dialoq mexanizmi yaradılmayıb", — ekspert bildirib.
O, hesab edir ki, Azərbaycanda Açıq Hökumət Təşəbbüslərinin yayılması istiqamətində vətəndaş cəmiyyəti ilə konsultativ mexanizmlərin qurulması, o cümlədən vətəndaş cəmiyyətinin cəmləşdiyi Platformanın yaradılması, hökumətin vətəndaş cəmiyyətinin səslərini eşitməsi, onlarla dialoq və məsləhətləşmələr aparması vacibdir.
Bu məsələ ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev bildirib ki, AHT üzrə vətəndaş cəmiyyətinin hökumətlə çox uğurlu əməkdaşlıq təcrübəsi var: "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı" hazırlanan zaman QHT-lərlə geniş və ətraflı müzakirələr aparılıb. Planın ilkin variantı Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın saytında yerləşdirilib, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin təşkilatçılığı ilə QHT-lərin, müstəqil ekspertlərin iştirakı ilə ictimai müzakirə keçirilib. Komissiya bütün maraqlı tərəflərin rəylərini toplayıb və təklifləri nəzərə alıb".
"Eyni zamanda Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası AHT ilə bağlı məsələləri diqqətdə saxlayır. Ötən və bu il qrant müsabiqələrində bu məsələlər müsabiqə mövzularından biri kimi nəzərdə tutulur. QHT-lərə qrantlar verilir. Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya isə bu tədbilərə hər zaman təşkilatı, ekspert dəstəyi verir", — Ə. Nuriyev bildirib.
Onun sözlərinə görə, "Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı" kifayət qənaətbəxş səviyyədə icra olunub. QHT-lər də Planın icrasında, monitorinqində iştirak ediblər. Yeni Fəaliyyət Planı isə VCT-lərlə daha geniş və dərin əməkdaşlığı nəzərdə tutur. Eyni zamanda Planda AHT üzrə vətəndaş cəmiyyətinin müzakirə, dialoq platformasının yaradılması təşəbbüslərinin dəstəklənməsi nəzərdə tutulub.
"Artıq bununla bağlı QHT-lər, müstəqil ekspertlər ilkin müzakirələr aparıblar. Müxtəlif yanaşmalar nəzərdən keçirilib. Şübhəsiz ki, bu cür platforma yaradılması çox əhəmiyyətlidir və AHT təşəbbüslərinin daha yaxşı səmərə verməsini şərtəndirən amillərdən biridir", — ekspert qeyd edib.
Ə. Nuriyev qeyd edib ki, AHT ilə bağlı VCT-lərin platformasının yaradılması ilə əlaqədar hələ iki il əvvəl təşəbbüs edilib. Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya da dəstək verməyə hazır olduğunu byan edib. 3 dəfə geniş tərkibdə müzakirələr aparılıb. Lakin bir neçə QHT-nin, QHT sədrinin ambisiyaları bu təşəbbüslərin uğurla nəticələnməsinə imkan verməyib. Şəxsi ambisiyalar kompomiss imkanlarını arxa plana keçirib.
Şəbəkə koordinatoru hesab edir ki, hazırda "Açıq hökumət" Platformasının yaradılması ilə başlayan müzakirələr uğurla başa çatacaq. Çünki artıq VCT-lərin əksəriyyəti əməkdaşlıq, dialoq, səylərin əlaqləndirilməsinin zəruriliyini vacib hesab edirlər və bu çox güclü platforma yaradılmasını şərtləndirəcək.
Bu məqalə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra olunan və "Tolerantlıq" Sosial Araşdırmalar İB tərəfindən həyata keçirilən ""Açıq Hökumət"in təşviqinə vətəndaş dəstəyi" layihəsi çərçivəsində dərc olunur.