Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Prezidentlərin idarə etmədiyi Amerika

© Flickr / Neill TurnerAğ Ev
Ağ Ev - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlərə görə, noyabr seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq, Birləşmiş Ştatların xarici siyasətində köklü dəyişikliklər baş verməyəcək

BAKI, 27 iyul — Sputnik. Bu ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkiləri nəinki Birləşmiş Ştatlarda, bütün dünyada böyük maraqla gözlənilir. Respublikaçı Donald Trampla Demokratlar Partiyasından namizəd olan Hillari Klinton arasındakı yarış artıq son mərhələyə daxil olub. 

© Photo : Yılmaz Altınsoyun şəxsi arxivindənPolitoloq Yılmaz Altınsoy
Politoloq Yılmaz Altınsoy  - Sputnik Azərbaycan
Politoloq Yılmaz Altınsoy

Hegemon güc olan Amerikanın seçkidən sonra hansı yolu izləyəcəyi, xüsusilə seçkidən sonra xarici siyasətdə hansısa kardinal dəyişikliklər olub-olmayacağı müzakirə mövzusuna çevrilib. Əcnəbi və yerli ekspertlər ABŞ-dakı seçkinin nəticələrini və ola biləcək ssenariləri Sputnik üçün dəyərləndiriblər.

Türkiyəli jurnalist-yazar Yılmaz Altınsoy noyabrdan sonra dünya siyasətində ciddi dəyişikliklər gözləmir: "İlk öncə bildirmək istəyirəm ki, Amerikadakı seçkilərin nəticələri bu ölkənin dünyəvi maraqlarına təsir etmir və nəticə nə olur-olsun, bu maraqlar seçilən prezidentin qarşısına şərt kimi qoyulur. Sizə misal çəkim: Barak Obama prezident seçiləndə hər kəs gözləyirdi ki, dünyaya sülh gələcək, müharibələr bitəcək. Amma gözlənilənin tam əksi oldu. Savaşlar, göz yaşları, günahsız insan ölümləri daha da çoxaldı. Amerika daha çox ölkəyə hava zərbələri endirməyə başladı".

"Suriya, İraq, Liviya göz qabağındadır. Yaxın Şərqə demokratiya gətirəcəklərinə söz verən Obama administrasiyası 1 milyondan çox insanın ölümünə səbəb oldu. İndi çoxu Respublikaçı namizəd Donald Trampı tənqid edir ki, o, prezident seçilsə, dünya qarışacaq. Bəyəm dünya indi yaxşı vəziyyətdədir?", — jurnalist bildirib.

Y. Altınsoyun sözlərinə görə, noyabrdakı seçkilərdə Respublikaçıların namizədi Tramp qalib gəlsə, ABŞ Türkiyə ilə daha yaxından əməkdaşlıq etmək istəyəcək: "15 iyul Türkiyədəki çevriliş cəhdinin arxasında Amerikanın barmağı olduğunun üstü artıq açılıb. Nəticədə iki ölkə münasibətləri ciddi yara alıb. Amerika bu yaranın daha da açılmasına imkan vermək istəmir. Bunun üçün də indiki administrasiyanın dəyişməsi vacibdir".

"Əgər Respublikaçı Donald Tramp seçkinin qalibi olsa, Türkiyənin könlünü almağa çalışacaq. Bunu Türkiyəni sevdiyi üçün yox, İsrailin təhlükəsizliyi naminə edəcək. Çünki Demokratlar Partiyasından fərqli olaraq Respublikaçılar yəhudi lobbisi ilə daha yaxındır. Və Respublikaçılar yaxşı bilir ki, Yaxın Şərqdə İsrailin təhlükəsizliyinin əsas qarantı Türkiyədir. Ona görə Amerika Türkiyə ilə yaxşı dolanmağa məcburdur", — araşdırmaçı vurğulayıb.

© Sputnik / Murad OrucovPolitoloq İlqar Vəlizadə
Politoloq İlqar Vəlizadə  - Sputnik Azərbaycan
Politoloq İlqar Vəlizadə

Politoloq İlqar Vəlizadə də hesab edir ki, kimin prezident seçilməsindən asılı olmayaraq ABŞ-ın xarici siyasətində köklü dəyişiklik olmayacaq: "Sovetlər İttifaqı dağılandan və "soyuq müharibə" bitəndən sonra Ağ Evi daha çox Demokrat Partiyadan seçilənlər idarə ediblər. Bu o deməkdir ki, ABŞ-ın "mülayim hegemoniya" siyasəti illər boyu daha üstün olub. Yalnız Respublikaçı Corc Buşun dövründə Amerika daha sərt siyasət aparıb".

Onun sözlərinə görə, hazırda ölkənin xarici siyasətində yarış iki istiqamətdə gedir: "Respublikaçı Donald Tramp daha sərt və qətiyyətli siyasətin tərəfdarıdır. Bu, onun şəxsi keyfiyyətlərində də özünü büruzə verir. Çox güman ki, Tramp qalib gələrsə, sərtlik ABŞ-ın xarici siyasətində də əksini tapacaq".

"Demokratlar Partiyasından namizəd Hillari Klinton daha çox dolayı yollarla Amerikanın hegemonluğunu saxlamağa çalışacaq. O, xüsusilə daxili dayaqlardan istifadə etməyə çalışacaq. Ölkəsinin hegemonluğunu dolayı metodlarla qorumaq istəyəcək. Kimin qalib gələcəyini demək çətindir. Amma bütün hallarda ABŞ-ın xarici siyasətinin əsasında köklü dəyişiklik olmayacaq", — İ. Vəlizadə qeyd edib.

Xəbər lenti
0