BAKI, 27 iyul — Sputnik. "Xəstəxanamıza müxtəlif qəlpə yarası, yüngül yanıq, dəm qazından zəhərlənmə diaqnozu ilə, ümumilikdə 24 nəfər qəbul edilib. Onlardan yalnız 1 nəfərinin vəziyyəti orta ağır olub. İlkin yardım göstərildikdən sonra o, Bakı şəhərinə göndərilib".
Bunu Sputnik-ə açıqlamasında Şirvan şəhər Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinin müdiri Tofiq Hüseynov deyib. "Hadisədən dərhal sonra Səhiyyə Nazirliyi Bakıdan Şirvan şəhərinə həkim briqadası göndərib. Həm onların, həm də yerli həkimlərin səyi ilə bütün xəstələrə vaxtında zəruri yardım göstərilib", — şöbə müdiri bildirib.
Onun sözlərinə görə, hazırda ümumi vəziyyət qənaətbəxşdir, elə bir ağırlaşdırıcı hal yoxdur. Bu açıqlamadan bir qədər sonra isə, rəsmi qurumlar zavodun 2 əməkdaşının vəfat etməsi barədə məlumat yaydı.
Qeyd edək ki, ki, Müdafiə Sənayesi Nazirliyinin Şirvan "Araz" zavodunda partlayış baş verib. Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, partlayış nəticəsində 24 nəfər xəsarət alıb. Xəsarət alanlardan ikisi dünyasını dəyişib. Faktla bağlı cinayət işi açılıb.