BAKI, 27 iyul — Sputnik. Bakıda və Abşeron yarımadasında iyulun 28-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, sabah paytaxt və yarımadada mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 25-30, Bakıda gecə 22-24, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında iyulun 28-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 26-31, dağlarda gecə 10-14, gündüz 17-22 dərəcə isti olacaq.