BAKI, 26 iyul — Sputnik. Şirvan "Araz" zavodunda Müdafiə Sənayesi Nazirliyinə məxsus zavodda qeydə alınan partlayış nəticəsində 12 nəfər xəsarət alıb. Bu barədə Sputnik-ə Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib.
Onun sözlərinə görə, xəsarət alanlar ilkin olaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib, onların vəziyyəti ağırdır.
"Hazırda təcili yardım briqadaları hadisə yerindədir. Köməyə ehtiyacı olan yaralıların xəstəxanaya gətirilməsi davam etdirilir", — SN sözçüsü bildirib.
L. Bayramova bildirib ki, Şirvanda baş vermiş hadisədə xəsarət alanlara tibb yardımın göstərilməsi səhiyyə naziri Oqtay Şirəliyevin şəxsi nəzarətinə götürülüb: "Xəsarət alanlara mütəxəssislər tərəfindən zəruri tibbi yardım göstərilir. Hadisə yerində təcili yardım briqadaları işini davam etdirir".
Qeyd edək ki, bu gün saat 15:35 radələrində, Müdafiə Sənayesi Nazirliyinə məxsus Şirvan "Araz" zavodunda partlayış baş verib. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.