BAKI, 25 iyul — Sputnik. Almaniyanın Ansbax şəhərində, "Eugens Weinstube" restoranının qarşısında törədilən partlayış nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb. Sputnik alman mətbuatına istinadən xəbər verir ki, ölmüş 27 yaşlı suriyalı indiyə qədər heç vaxt polisin nəzarətində olmayıb.
Partlayış iyulun 24-dən 25-nə keçən gecə, yerli vaxtla saat 23-də Ansbaxın mərkəzindəki restoranlardan birinin qarşısında baş verib. Bazar günü şəhərdə musiqili festival keçirilib və bu festivalın iştirakçıları partlayışın obyekti olub.
Əvvəlcə yerli KİV xəbər verib ki, partlayışa səbəb qaz sızması olub. Sonra polis baş verən hadisənin terror aktı olduğunu bəyan edib. Bavariya polisi bəyan edib ki, partlayış nəticəsində bir nəfər ölüb, 14 nəfər yaralanıb.
Hazırda yaralılar xəstəxanadadır. Həkimlər onlardan 3-nün vəziyyətinin ağır olduğunu bildirirlər.
Polis bildirib ki, partlayıcı qurğunu ölmüş terrorçu özü işə salıb.
Nordbayern on-line nəşrinin məlumatına görə, ölən terrorçunun şəxsiyyəti dərhal müəyyən edilib — o, 27 yaşlı suriyalı olub.
"O, iki il bundan əvvəl Almaniyaya gəlib. Ötən il hökumət ona qaçqın statusu verməkdən imtina edib. Partlayışın onun tərəfindən törədildiyi ehtimal edilir" — deyə Bavariyanın daxili işlər naziri İohann Herrmann bildirib.
Hermannın sözlərinə görə, bu, sözügedən şəxsin ilk intihar cəhdi deyil: "O, Almaniyada yaşadığı müddətdə iki dəfə intihara cəhd edib və həkimlər onun həyatını xilas ediblər".
Polis terrorçunun ekstremist qruplaşmalardan birinin üzvü olduğunu istisna etmir. Lakin güc strukturlarında bu barədə məlumat yoxdur. Suriyalı terrorçunun əlbir olduğu şəxslərlə bağlı da hələlik polis hər hansı fakt əldə etməyib.
"Biz ona məxsus telefonu tapmışıq. Hazırda o telefon araşdırılır. Bir neçə saat ərzində telefonla bağlı məlumatlar aşkarlanacaq", — deyə Nürnberq şəhər polisinin rəis müavini Roman Fertinger bidirib.
Partlayış yerində xeyli sayda partlayıcı qurğuya aid metal əşyalar aşkarlanıb.