BAKI, 22 iyul – Sputnik. “Türkiyənin kəşfiyyat sistemində ciddi islahatlar aparılacaq”. Sputnik Habertürk-ə istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Nurəddin Canikli deyib.
Onun sözlərinə görə, dövlətin kəşfiyyat sistemində ciddi boşluq var: “Prezident Ərdoğan dövlət çevrilişi cəhdi ilə bağlı xəbərlər yayılmağa başladığı zaman ölkənin ən böyük kəşfiyyat təşkilatının rəhbəri ilə əlaqə yarada bilməyib. Yəni burda bir boşluq var. Bu da sadəcə Milli Kəşfiyyat Təşkilatı üçün keçərli deyil. Ümumilikdə bütün kəşfiyyat sistemində boşluqlar var. Düşünürəm ki, bu sahədə çox ciddi və köklü islahatlar aparmaq lazımdır və edəcəyik də”.
Mövzunu Sputnik-ə şərh edən “Strateq.az” saytının baş redaktoru Elxan Şükürlü hesab edir ki, Türkiyə hakimiyyəti ölkənin kəşfiyyat strukturlarına da mütləq əl gəzdirəcək:
“Bu hadisənin cəmiyyət üçün görünən və görünməyən tərəfləri hələ çox olsa da, bir məsələ qətidir: Ərdoğan yaranmış vəziyyətdən istifadə edib, onun yaxın gələcəkdə xarici və daxili siyasətinə mane olacaq bütün elementləri zərəsizləşdirməyə çalışacaq. Şübhəsiz ki, bu məqsədə nail olmaq üçün ölkənin güc və xüsusi xidmət strukturları tam şəkildə onun nəzarətində olmalıdır. Türkiyə 64 ildir NATO-nun üzvüdür və şübhəsiz ki, Ordu kimi, ölkənin kəşfiyyat və əks-kəşfiyyat qurumlarında da NATO-ya, xüsusən də daha çox ABŞ-a bağlı şəbəkə yaradılıb. Bunu çevrilişin təşkilində ittiham olunaraq həbs edilənlərin siyahısında xeyli sayda istihbarat zabitinin olması da təsdiqləyir. Əgər Türkiyənin yaxın gələcəkdə xarici siyasətində ciddi dəyişikliklər gözlənilirsə, xüsusən də Rusiya,Çin, ABŞ, İran kimi ölkələrlə yeni münasibətlər sistemi qurulacaqsa, ölkənin “dost-düşmənləri” siyahısına əl gəzdiriləcəksə, demək ki, bu şərait Türkiyə kəşfiyyatında da ciddi dəyişiklikləri zəruri edəcək”.
E.Şükürlü hesab edir ki, dəyişikliklərlə yanaşı, bundan sonra Türkiyə kəşfiyyatının üzərinə həm də çox böyük vəzifə qoyulacaq: “Türkiyənin ənənəvi istiqamətlərdə dövlət maraqlarını qorumaqdan əlavə, Türkiyə kəşfiyyatının işini çətinləşdirəcək yeni vəziyyət və istiqamətlər ortaya çıxır. Artıq son hadisələrlə Ordunun və Gülən tərəfdarlarının timsalında Ərdoğanla barışmayacaq bir düşmən obrazı yaradılıb. Bundan sonra istənilən maraqlı qüvvənin Ərdoğana, AKP hökuməti üzvlərinə silahlı çıxışlarının, sui-qəsdlərin təşkili ehtimalları gündəmdə olacaq. Ona görə də Türkiyə kəşfiyyatının üzərinə böyük yük düşəcək”.