BAKI, 22 iyul — Sputnik. Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin sərhəd gözətçi gəmiləri, texniki-müşahidə və sahil nəzarəti məntəqələri dənizə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və Xəzərdə xilasetmə tədbirlərinin həyata keçirilməsi üzrə fəaliyyətlərini uğurla davam etdirirlər.
DSX-nin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, 19 iyul 2016-cı il tarixdə saat 22:00 radələrində Fövqəladə Hallar Nazirliyindən Xəzər dənizində Pirallahı adası istiqamətində bir nəfərin batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Xidmətin Sahil Mühafizəsi tərəfindən qeyd olunan istiqamətdə dərhal axtarış-xilasetmə tədbirləri həyata keçirilib.
Havanın əlverişsiz olmasına baxmayaraq texniki müşahidə vasitələri ilə su səthinə keçirilən baxış nəticəsində sahildən 250 metr məsafədə Xəzər dənizində köməksiz qalmış şəxs aşkar edilərək 20 iyul 2016-cı il tarixdə saat 05:15 radələrində sahilə çıxarılıb.
Aparılmış araşdırma zamanı xilas edilmiş şəxsin Daxili İşlər Nazirliyinin Pirallahı rayon polis şöbəsi tərəfindən 07 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə başlanılmış cinayət işi ilə əlaqədar axtarışda olan, dəfələrlə məhkum olunmuş, 1990-cı il təvəllüdlü Pirallahı qəsəbə sakini Hüseynov Pənah Valeh oğlu olduğu müəyyən edilib. Saxlanılmış şəxs Daxili İşlər Nazirliyinin Pirallahı rayon polis şöbəsinə təhvil verilib.