BAKI, 21 iyul — Sputnik. Ermənistan Prokurorluğu paytaxt İrəvanda polis bölməsinə hücum faktı üzrə cinayət işi başladıb. Sputnik Ria-ya istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.
Xəbərə görə, kütləvi iğtişaşlarda bilavasitə iştirak etməkdə şübhəli bilinən 28 nəfər polis şöbəsinə gətirilib, onlardan 16-sı həbs olunub. Saxlanılanlar 3 ildən 8 ilədək azadlıqdan məhrum edilə bilərlər.
Daha əvvəl Ermənistan hüquq-mühafizə orqanlarının etiraz aksiyasını dağıtdıqdan sonra 136 nümayişçini saxladığı məlum olub. Silahlı qruplaşmanın bir neçə nəfəri girov götürərək ələ keçirdiyi Yerevanın Erebuni rayonunun polis bölməsinin binası yaxınlığında baş verən iğtişaşlar dünən gecə başlayıb.
Mövzunu Sputnik üçün şərh edən politoloq Zərdüşt Əlizadə, Ermənistanda baş verənlərin nəticəsiz qalacağını iddia edib: "Nə qədər iğtişaş baş verir versin, heç bir fərqi yoxdur. O ölkəyə nəzarət yenə də Rusiyanın əlində qalacaq".
"Hətta Serj Sarkisyanın hakimiyyyəti devrilsə belə, ondan daha betər başçı hakimiyyətə gələcək", — politoloq bildirib.
Onun sözlərinə görə, iğtişaşlar zamanı kütləvi qırğınlar olması belə, Ermənistanı Rusiyanın nəzarətindən çıxara bilməyəcək.