BAKI, 21 iyul — Sputnik. Türkiyə müxalifəti ölkədə fövqəladə vəziyyət elan olunmasına münasibət bildirib. Sputnik Haberturk-ə istinadən xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu Türkiyə Böyük Millət Məclisində müzakirəyə çıxarılacaq sənədlə bağlı partiya içində məsləhətləşmələr aparıldığını və deputatlarının öz seçimində sərbəst olacaqlarını deyib.
"Biz demokratiyanın tərəfdarıyıq. Demokratiya üçün də qrup şəklində qərar verilə bilməz. Hərə öz düşüncəsində sərbəstdir", — CHP sədri bildirib.
Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Bağçalı isə ölkədə fövqəladə vəziyyətin elan edilməsinin düzgün qərar olduğunu vurğulayıb.
Xatırladaq ki, Türkiyənin baş naziri Binəli Yıldırım CHP və MHP sədrləri ilə telefon danışığı aparıb. O, müxalif liderlərdən parlamentdə müzakirəyə çıxarılacaq fövqəladə vəziyyət elan olunması barədə qərara dəstək vermələrini xahiş edib.