BAKI, 21 iyul — Sputnik. 2016-ci il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Multikulturalizm ili" elan olunması münasibəti ilə keçirilən silsiləvi tədbirlərə töhfə vermək məqsədi ilə "Həmrəylik düşərgəsi" layihəsinin rəsmi açılış mərasimi keçirilib. "ASAN xidmət"in mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov gələn qonaq və iştirakçıları salamlayaraq Lahıcın Azərbaycanın mədəniyyət mərkəzlərindən biri olduğunu bildirib. İcra başçısı bu layihənin Lahıc qəsəbəsində həyata keçirilməsi üçün ismayıllılılar, xüsusilə də lahıclılar adından təşkilatçılara minnətdarlığını bildirib.
Azərbaycan Respublikasınınm Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov ASAN Könüllüləri Təşkilatının 8 000 gənci ətrafında birləşdirdiyini və bu günə qədər vətənpərvərlik, mədəniyyət, sosial məsuliyyət və digər sahələrdə onlarla layihələri icra etdiyini qeyd edib. Dövlət Agentliyinin sədri, "Həmrəylik düşərgəsi"ndə könüllülərin sosial məsuliyyətlə yanaşı vətənpərvərlik ruhunda tərbiyə alacaqlarını və bu işdə köməklik göstərən Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirib.
Daha sonra Mədəniyyət və Turizm nazirinin birinici müavini Vaqif Əliyev və Dövlət Sərhəd Xidmətinin rəis müavini general-mayor Ədalət Əliyev çıxış edərək, Azərbaycanda ilk dəfə keçirilən bu layihənin gənclər arasında milli — mədəni irsin, multikultural dəyərlərin qorunması, vətənpərvərlik hissinin aşılanması, onların arasında düşərgə mədəniyyətinin formalaşdırılması, yeni bilik və bacarıqların öyrənilməsində xüsusi yer tutacağını qeyd ediblər.
Sonda layihəyə dəstək olan bütün şirkətlər adından çıxış edən Azercell şirkətinin prezidenti Vahid Mürsəliyev sosial layihələrdə özəl şirkətlərin iştirakının vacibliyini vurğulayıb.
Qeyd edək ki, 20-25 iyul tarixində keçiriləcək layihə, ASAN Könüllüləri Təşkilatının təşəbbüsü, Dövlət Sərhəd Xidməti, Mədəniyyət və Turizm Nazirliyi, "Regional İnkişaf" İctimai Birliyi, Azərbaycan Avtomobil Federasiyası, BMT-nin Əhali Fondunun təşkilati dəstəyi ilə həyata keçirilir. Layihə müddətində bir-birindən maraqlı tədbirlər, təlimlər keçiriləcək və müxtəlif turlar təşkil olunacaqdır. Düşərgə zamanı həmçinin, dövlət rəsmilərinin və Milli Məclisin deputatlarının iştirakçılar ilə görüşü nəzərdə tutulub.