Dünyada qadağan olunmuş məşhur kompüter oyunları: Top 10-luq

© REUTERS / Spanish Interior Ministryİspan polisi "Pokemon Go" ilə
İspan polisi Pokemon Go ilə - Sputnik Azərbaycan
Abunə olmaq
Bütün dünya hazırda Pokemon GO oyunu haqda danışır. Amma dünyanın əksər ölkələrində bir sıra kompüter oyunları qadağandır.

BAKI, 20 iyul — Sputnik. Son günlər bütün dünyanı küçələrə tökən Pokemon GO oyunu artıq Azərbaycanda da populyarlıq qazanır. Qısa müddət ərzində oyunun populyarlığı Tinder, Instagram, WhatsApp, Twitter və Facebook kimi böyük platformaları geridə qoya bilib.

İyulun 5-də təqdim olunan oyun 10 gün ərzində 15 milyon dollara yaxın pul qazandırıb. Lakin bu oyun Rusiya və bir sıra digər ölkələrdə qadağan oluna bilər. Belə təkliflər irəli sürən şəxslər hesab edirlər ki, oxşar oyunlar insan psixikasına mənfi təsir edir, hətta onları təhlükəli vəziyyətlərə də salır.

Beləliklə, dünyada müxtəlif səbəblərdən qadağan olunan 10 oyunu sizə təqdim edirik:

KZ Manager Millennium

Qadağan olunan yer: Almaniya

"Imagine Games Network" jurnalına görə, bu oyun "ən faydasız oyunlar" siyahısına daxildir. Lakin Almaniyada qadağan olunması onun faydalığı ilə bağlı deyil. Ölkə qanunlarına əsasən, Üçüncü Reyxin hər hansı simvollarından elmi konteksdən kənar istifadə qadağandır.

Oyundakı hadisələr həbs düşərgəsində baş verir. Əsas qəhrəman gözətçidir və onun vəzifəsi repressiv tədbirlər istifadə edərək məhbusları işləməyə məcbur etməkdir. Maraqlıdır ki, Almaniyada qadağan olunmasına baxmayaraq, oyunun bir çox versiyaları məhz alman dilindədir.

Mortal Kombat

Qadağan olunan yer: Almaniya, Cənubi Koreya

Tarixdə "18+" reytinqli ilk oyun. Maraqlıdır ki, tərtibatçılar Jan Klod Van Damın iştirakı ilə bir oyun yaratmaq istəyiblər, lakin tək "döyüş" janrından istifadə ediblər.

Zorakılıq səhnələrinə görə "Mortal Kombat"ı çox tənqid ediblər, lakin o, tarixdə ən məhşur oyunlardan biri kimi qalır. Onun əsasında çoxsaylı filmlər, komikslər, gizgi filmləri, hətta seriallar belə çəkilib.

Grand Theft Auto

Qadağan olunan yer: Tayland, Malayziya, BƏƏ, Braziliya

Oyunda şəhər ətrafında hərəkət edib istənilən hər şeyi etmək olar — maşın və vertolyot qaçırmaq, yoldan keçənləri qarət etmək, onları döyərək öldürmək, müxtəlif növ silah, hətta tanklardan istifadə etmək və s. Məhz bu səbəbdən, bir çox ölkələrdə bu oyun "yalnız böyüklər üçün" nəzərdə tutulub.

The Pokemon Trading Card Game

Qadağan olunan yer: Səudiyyə Ərəbistanı

Pokemonlar haqda olan bu kart oyunu darıxdırıcı adlandırılsa da, dünyanın bir çox yerində müsbət qiymətləndirildi. Oyunçunun məqsədi oyun məkanını gəzərək qəhrəmanları kart döyüşünə çağırmaq və müxtəlif işarələri toplamaqdır.

Lakin Səudiyyə Ərəbistanının Baş müftisi oyunda sionizm təbliğatı görüb. Krallığın dini lideri bəyan edib ki, kart simvollarından biri David ulduzuna bənzəyir, digər kartlarda rast gəlinən xaç və üçbucaqlar isə xristianlıq və masonluğu bildirir. Nəticədə, onun fikrini dinlədilər və oyun qanunvericilik səviyyəsində qadağan olundu.

Marc Ecko's Getting Up: Contents Under Pressure

Qadağan olunan yer: Avstraliya

Oyunun qəhrəmanı əksər vaxtlar divarlar və yük maşınlarının qoşquları üzərində rəsmlər çəkən küçə rəssamıdır. Süjetə əsasən, o, "küçə sənəti"ndən ifadə azadlığının məhdudiyyətinə etiraz kimi istifadə edir.

Lakin bu fəaliyyətə realda qadağa qoyuldu. Qadağanın təşəbbüskarı isə Avstraliyanın Baş prokuroru Filip Raddok oldu. Onun sözlərinə görə, oyun vandalizmi təbliğ edir.

Postal

Qadağan olunan yer: Yeni Zelandiya, Avstraliya, Malayziya, Almaniya

Oyun yaradıcıları onun üzərinə "13 ölkədə qadağandır" yazısını fəxrlə yerləşdiriblər. Qanun tərəfdarlarının fikrincə, oyunda narkotiklər, kütləvi qətllər, müxtəlif din və azlıqlara qarşı pis rəfdar təbliğ olunur.

Bəzi ölkələrdə oyunda yaş məhdudiyyəti istifadə olunub. Oyun yaradıcıları bəyan edirlər ki, oyundakı hər bir işi — istər çeki nağdlaşdırmaq olsun, istər camaşırxanaya getmək, hamısını sakit tərzdə və zorakılığa əl atmadan etmək olar. Lakin oyunbazlar oyunun yaratdığı digər "qeyri-qanuni" üsulları daha çox sevirlər.

Bully

Qadağan olunan yer: Braziliya

"Yahoo!" portalına görə, bu oyun "10 ən ziddiyyətli kompüter oyunları" siyahısına daxildir. Hadisələr təhsil müəssisəsində baş verir. Yeniyetmə Jimmi "kəllələr", "xuliqanlar", "majorlar", "nəhənglər" və s. digər qruplaşmalar arasında özünü müdafiə etməlidir. Bunun üçün o, boya balonlarından, roqatkadan, fişənglərdən və s. əşyalardan istifadə edə bilər.

Bundan başqa, qəhrəman hər iki cinsə aid həmyaşıdlarını öpə bilər. Braziliyada bu oyunu yetkinlik yaşına çatmayanlar arasında zorakılıq təbliği kimi qiymətləndiriblər. Ölkədə onun paylanması üçün min dollar məbləğində cərimə tətbiq olunub.

Tom Clancy's Ghost Recon Advanced Warfighter 2

Qadağan olunan yer: Meksikanın Chihuahua ştatı

Bu oyunda əsas qəhrəman üsyançılar, hərbçilər və ABŞ ordusu arasındakı münaqişənin həlli üçün Meksikanın şərqinə yola düşür. Ssenariyə əsasən, Mexikoda Kanadanın Baş nazirini öldürürlər, ABŞ prezidentinin həyatı təhlükə altında olur, ölkə hakimiyyəti isə silahlı üsyançıların əlinə keçir.

Oyun Meksikanın Chihuahua ştatında yaxşı qarşılanmadı, hətta onun turizm biznesi üçün təhlükəli olduğunu bildirdilər. Maraqlıdır ki, Meksikanın digər ərazilərində oyunun yayılmasına qarşı heç bir qadağalar yoxdur.

EA Sports MMA

Qadağan olunan yer: Danimarka

Tez bir zamanda bu oyun qaydasız döyüş sevənlərin arasında ən populyar oyununa çevrildi. Oyundakı virtual döyüşçülər özünü qorumaq və hücum etmək üçün bütün döyüş növlərindəki fəndlərdən istifadə edə bilirlər.

Oyunun Danimarkada qadağan edilməsi isə ani xəbər oldu. Hakimiyyət oyunda ölkə ərazisində qeyri-qanuni hesab olunan energetik içkilərin olduğunu tapdı. Yaradıcılar bildirdilər ki, bu, reallığa uyğundur və içki olan səhnələri kəsməkdən imtina etdilər. Nəticədə, Danimarka sakinləri məhşur oyunsuz qaldılar.

Company of Heroes 2

Qadağan olunan yer: Rusiya

Bu oyunun qadağasının səbəbini çoxları üçün qəribədir. Belə ki, oyunun məhdudlaşdırılmasını istifadəçilər özləri xahiş ediblər. Rusiyalı oyunçular oyundakı ssenarini bəyənmədilər. Süjetə əsasən, sovet əsgərləri bir-biriləri ilə savaşmalı və öz soydaşlarının evlərini yandırmalıdırlar.

Oyun istifadəyə buraxılan kimi onun qadağan olunması üçün petisiya imzalanmasına başlanıldı. Nəticədə, strategiya oyunu istehsalçısı öz məhsulunu MDB ölkələri ərazisində sata bilmir.

Xəbər lenti
0