BAKI, 20 iyul-Sputnik. Qafqaz Universitetinin təsisçisi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət edərək bu gün universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat verib.
Təhsil Nazirliyindən Sputnik-ə daxil olan məlumatda bildirilir ki, müvafiq rəsmi sənədlər nazirliyə daxil olduqdan sonra Qafqaz Universitetində təhsil alan tələbələrin təhsillərinin davam etdirilməsini təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən müvafiq işçi qrupu yaradılacaq və onların yerləşdirilməsi prosesi aparılacaq.
Təhsil Nazirliyi bununla bağlı ictimaiyyətə əlavə məlumatın veriləcəyini bildirib.
Qeyd edək ki, Qafqaz Universiteti Türkiyədə iyulin 15-də baş verən hərbi dövlət çevrilişinə cəhddə ittiham edilən Fətullahın Gülənin təhsil şəbəkəsinə daxildir.
Qafqaz Universiteti Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin nəzdindəki Dövlət Ali Ekspert Komissiyasının 1 may 1993-cü il tarixli, 11/1 saylı qərarı ilə fəaliyyətə başlamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 1995-ci il tarixli, 203 saylı qərarı ilə dövlət qeydiyyatından keçmişdi. Daha sonra mövcud qaydalara əsasən 20.08.2002-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən lisenziya verilməsi ilə Universitetin statusunun qanunauyğunluğu bir daha təsbit olunmuşdu.
2014-cü ildə Azərbaycanda Fətullah Gülən məktəbləri adlandırılan, "Çağ Öyrətim İşlətmələri Şirkəti" nə məxsus özəl türk litseylərinin fəaliyyətinə son qoyulub.