BAKI, 19 iyul-Sputnik. ABŞ-dan Fətullah Gülənin ekstradisiyasını istəyən Türkiyə bu tələbə onun 60 günə qədər müvəqqəti olaraq həbsini də əlavə edib.
Sputnik "Hürriyet" qəzetinə istinadla xəbər verir ki, Türkiyədən Fətullah Gülənlə bağlı dəlil istəyən ABŞ-a Ədliyyə Nazirliyinin hazırladığı FETÖ/PDY haqqında 4 dosye göndərilib.
CNN Türk isə xəbər verib ki, ABŞ-dan Gülənin ekstradisiyası ilə yanaşı 60 günə qədər müvəqqəti olaraq həbs olunması tələb edilib.
Türkiyə hökuməti ABŞ-ın Pensilvaniya ştatında yaşayan "Hizmət" təşkilatının 75 yaşlı lideri Fətullah Güləni iyulun 15-də baş verən dövlət çevrilişinə cəhddə günahlandıraraq Vaşinqtondan onun ekstradisiyasını tələb edib. ABŞ-ın dövlət katibi Con Kerri isə bildirib ki, Türkiyə Fətullah Gülənin cinayət əməlləri ilə bağlı dəlilləri təqdim edəcəyi təqdirdə, ABŞ onun ekstradisiyası məsələsinə baxacaq.