Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 18 iyul — Sputnik. 15 iyul 2016-cı il tarixdə Lənkəran Dövlət Dram Teatrı 125-ci mövsümünü başa vurub. Sputnik-in bölgə müxbiri xəbər verir ki, bu münasibətlə baş tutan mərasimdə teatrın direktoru Tofiq Heydərov, teatrın baş rejissoru Tural Mustafayev, aktyorlardan əməkdar artistlər Təvəkkül Əliyev və Zemfira Nəcəfova, xalq artisti Böyükxanım Əliyeva çıxış edərək cari mövsümdə qazanılan uğurlar və növbəti mövsümdə qarşıda duran vəzifələrdən söz açıblar.
Sonra isə Lənkəran Teatrının bir qrup əməkdaşı qazandığı nailiyyətlərə görə diplomlarla təltif olunub. Rəsmi bölümdən sonra teatrın truppasının ifasında yazıçı-dramaturq Əli Əmirlinin "Köhnə ev" tamaşası oynanılıb.
Əməkdar artist Adil Zeynalovun quruluş verdiyi tamaşa ata və övladın qarşılıqlı münasibətindən bəhs edir. Əsərin səhnə tərtibatı rəssam Məzaim Qurbanovun, musiqi tərtibatı Fərahim Fərəcovundur. Rollarda Xalq artisti Qabil Quliyev, aktyorlardan Şahrud Mehdiyeva, Təranə Fərəcova, Səyyad Əliyev və digərləri iştirak ediblər.