İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 18 iyul — Sputnik. Yay gələn kimi əksər insanlar Antalyada istirahət etməyi arzulayır. Uzun müddət Rusiya-Türkiyə münasibətlərində əsən "soyuq yellər"in təsiri turizmdən də yan keçməmişdi. Ta ki, Türkiyə ilə Rusiya barışığa gedənə qədər.
Mən Antalyada olduğum zaman rus tursitlərin olmamasının Antalya turizminə verdiyi zərərin şahidi idim. Beldibi bölgəsində fəaliyyət göstərən hotellərin 80 faizi bağlı idi. Açıq olan hotellər isə turist azlığından şikayətçi idi.
Antalyaya tursitlər dünyanın bütün ölkələrindən gəlir, amma bütün ölkələrdən gələn tusristlərin turizmə verdiyi qazanc rus tursitlərdən gələn qazancdan dəfələrlə azdır. Buna görə də hər bir türkün daxilində bir rus sevdası var. Hələ Antalyada türk kişilərin rus qadınlara olan xüsusi marağını demirəm.
Məsələn: Mən azərbaycanlıyam, yaxınlaşıb hansısa malın qiymətini soruşuram, malın qiymətini deyib, sakitcə dayanırlar. Ancaq mənim yerimdə bir rus qadın olarsa, yanında sevgilisi olsa belə, çalışırlar ki, onunla az da olsa, söhbət edib kompliment desinlər. Rus dilinin qabırğalarını qıra-qıra öz fikirlərini izah etməyə çalışırlar.
Qaldığım hoteldə az da olsa, ruslar vardı. Onların da çoxu yaşı 60-ı keçmiş qadınlar idi. Bir türk kişinin mənim uşaqlarıma baxıb rus qadına dediyi sözləri unutmaram: "Benim karı yok, çocuk da yok". Və kişi bunu ən azı 7-8 dəfə təkrar edirdi ki, qadınla ünsiyyət qura bilsin…
Hoteldə bizim səyahətimizin tur rəhbəri həmyerlimiz, əslən Qusar rayonundan olan İsfəndiyar Şahbazov idi. Antalyada 2007-ci ildən tur meneceri kimi fəaliyyət göstərir. Deyir ki, bu günə qədər çox turşirətlərdə çalışıb və Antalyanı, Antalyada olan əyləncə mərkəzlərini, ticarət mərkəzlərini, səyahət üçün olan yerləri, bir sözlə hər yeri yaxşı tanıyır.
İsfəndiyar Şahbazovun sözlərinə görə, keçən il təkcə Kəmər bölgəsi 1 milyon 300 min turist qəbul edib: "Bu il isə bu rəqəmin heç yarısı yoxdur. Tursitlər, əsasən iyul-avqust aylarında istirahətə gəlir. İndi də gələn turistlər var".
Mən Azərbaycanın əksər bölgələrində olmuşam və Antalya ilə Azərbaycan hotellərini müqayisə etdiyim zaman görürdüm ki, Azərbaycanda qiymətlər baha olsa da, yediyin yeməyin nə olduğunu bilirsən. Antalya da isə, qiymətlər ucuz, amma yeməklər keyfiyyətsizdir.
İ. Şahbazov deyir ki, əgər Antalyada normal istirahət etmək üçün yaxşı pul xərcləmək lazımdır: "Burada müxtəlif hotellər var. Qiymətlər də hotellərə uyğun nəzərdə tutulub. 4-5 ulduz hotellərdə "açıq bufe" olduğu üçün, təmizlik, yaxşı xidmət olduğu üçün xərclədiyin pula dəyir. Məsələn, Azərbaycanda 1000 dollar verib, 10 gün belə, hoteldə istirahət etmək mümkün deyil. Amma burada, görürsünüz ki, alınır".
Amma, Allah eləməsin, burada xəstələnəsən. Adi hotel həkiminin sənə baxması 50-100 dollara başa gələcək. Yox əgər vəziyyətin ağırdırsa, o zaman bir həkimin səni müayinə etməsi 200 dollar, iynə-dərman verməsi də bir o qədər xərc tələb edir. Yox əgər əməliyyat olunmalısansa… Yox, onun qiymətini deməsəm, yaxşıdır. Bircə tövsiyyəm var: xarici ölkələrə getdiyiniz zaman, səyahət sığortası etdirməyi unutmayın.
İ. Şahbazov azərbaycanlı turistlərə Antalyada ancaq 5 ulduz hotellərdə qalmağı məsləhət görür: "5 ulduz hotellərdə həm xidmət yaxşıdır, həm də qidalar keyfiyyətlidir. Və 5 ulduz hotellər dəniz kənarında olduğu üçün daha sakit olur".
Həmsöhbətim də türklərin rus sevdalısı olduğunu etiraf edir. Deyir ki, "biz azərbaycanlılar rusları hərtərəfli tanıyırıq, türklər üçün isə ruslar hələ də maraqlıdır".
Axşamları hoteldən kənarlaşıb, Beldibini gəzmək maraqlıydı. Həmvətənlərinlə söhbətləşmək, uzaqda olsan da, yanında bir azərbaycanlının olduğunu hiss etmək insana rahatlıq verirdi.
Qaldığımız hotelin girişində bir saat mağazası vardı. Mağazanın sahibi azərbaycanlı, keçmiş Qarabağ döyüşçüsü idi. Bizə öz əsgərlik xatirələrini danışır, danışdıqca əlləri tirəyir, bəzən sanki o illəri yenidən yaşayırmış kimi duyğulanırdı.
Azərbaycandan gəlmiş turistlər Antalyanı çox bəyənmişdilər. Nigar Bəxtiyarovanın sözlərinə görə, həyat yolaşı ilə ilk dəfədir ki, Antalyaya gəlib: "Əvvəllər çox istəyirdim gəlim, imkan olmurdu. İndi uşaqlar böyüyüb, imkan da yaranıb. Dedik, ikimizə vaxt ayıraq. Antalya gözəl yerdir. Həm də turla gələndə ucuz başa gəlir. İkimizə 700 dollar xərcləmişik. Bir həftə qalacağıq".
Amma N. Bəxtiyarova qiymətlərdən şikayətlənir: "Antalyadakı qiymətlər Azərbaycanla müqayisə edilməyəcək qədər bahalıdır. Uşaqlara geyim almaq istədim. Çox bahadır. Amma Antalyaya gəldinsə, gərək yaxınlara nəsə alasan da. Görək neynirik".
Antalyanın bizim bölgələrdən bir fərqi var ki, görmədiyin yerləri, insanları, görürsən. Fərqli mədəniyyətlərlə, dinlərlə tanış olursan. Başqa heç nə…
Hə, bir də Antalyada "yeməyə nə var?" soruşub, "lülə-tikə, basdırma, sac" cavabını almırsan. Yeməklər müxtəlifdir, amma doğrusu, bizim yeməklərin yerini vermir.
İmtahanlar uğurlu keçdi və ucuz qiymətə orta səviyyəli bir istirahət yaşadıq. Amma Azərbaycan üçün darıxdım. Nə olursa olsun, Vətəndən kənarda qalmaq olmur. Bunu 12 günlük Antalya gəzintisində bird aha hiss etdim…