BAKI, 16 iyul-Sputnik. ABŞ-ın dövlət katibi Con Kerri Fətullah Gülənin Türkiyəyə qaytarılması ilə bağlı açıqlama verib.
Sputnik-in məlumatına görə, Kerri Lüksemburq səfəri zamanı jurnalistlərə bildirib ki, onlara Gülənin Türkiyəyə verilməsinə dair hər hansı rəsmi müraciət edilməyib.
Hərbi çevrilişə cəhdlə bağlı aparılan araşdırmalarda Türkiyəyə kömək etməyə hazır olduqlarını vurğulayan Kerri deyib:
"Biz təxmin edirik ki, bizə Gülənlə bağlı müəyyən suallar ünvanlanacaq. Biz həmişə olduğu kimi, bir daha Türkiyə hökumətinə bildiririk ki, nəsə əldə etmək istəyirlərsə, əvvəlcə Gülənlə bağlı dəlilləri bizə təqdim etməlidirlər".
Bu arada Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbuldakı evinin qarşısında toplaşan tərəfdarlarına müraciət edib.
O, ABŞ prezidenti Barak Obamaya çağırış edərək, Fətullah Gülənin deportasiya edilməsi və ya Türkiyəyə təhvil verilməsi tələbini irəli sürüb:
"Onun xəyanət etdiyini şəxsən Sizə demişdim, amma dinləmədiniz. İndi bir daha çağırış edirəm. Pensilvaniyadakı o şəxsi bizə təslim edin. Əgər biz strateji tərəfdaşıqsa, o zaman tərəfdaşınızın bu çağırışını yerinə yetirin".
Qeyd edək ki, bu gün Çanakkalada keçirilən mətbuat konfransında Türkiyənin baş naziri Binəli Yıldırım da demişdi ki, radikal islamı təbliğ edən, Türkiyədəki hərbi çevrilişdə ittiham edilən Fətullah Güləni gizlədən bir ölkə (ABŞ) Ankaranın dostu ola bilməz. Onun sözlərinə görə, Türkiyə hökuməti əmindir ki, çevrilişi məhz prezident Rəcəb Tayyib Ərdoğana müxalif olan "Hizmət" təşkilatının üzvləri təşkil ediblər. Bu təşkilat da hazırda baş ofisi Amerikanın Pensilvaniya ştatında olan Fətullah Gülən tərəfindən idarə olunur.
Türkiyə 2014-cü ilin dekabrında Gülən barəsində rəsmi axtarış elan edib.