BAKI, 16 iyul — Sputnik. "Azərbaycan Türkiyədəki hərbi çevriliş cəhdini qətiyyətlə pisləyir". Bunu Trend-ə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
"Biz bu prosesləri narahatlıqla izlədik. Dövlət başçımız da bütün gecəni çox narahat olub. Bütün Azərbaycan narahat olub və bu da təbiidir", — N. Məmmədov qeyd edib.
"Bu, dövlət çevrilişinə cəhddir, Türkiyə xalqının iradəsinə, seçiminə qarşı yönəlmiş çevriliş cəhdidir, Türkiyənin Konstitusiyasına, demokratiyasına qarşı yönəlmiş çevriliş cəhdidir", — Administrasiya rəsmisi vurğulayıb.
O, əlavə edib ki, Azərbaycan bu cür cəhdləri qətiyyətlə pisləyir və qəbuledilməz hesab edir: "Hamı Azərbaycanla Türkiyə arasında, qardaş xalqlarımız və dövlət başçılarımız arasında dostluq və tərəfdaşlıq münasibətlərini gözəl bilir. Bu isə o deməkdir ki, Azərbaycan həmişə Türkiyənin yanındadır".
"Amma Türkiyə artıq əvvəlki Türkiyə deyil. Artıq belə çevriliş cəhdləri baş tuta, qəbul edilə bilməz", — o deyib.
Bu gün Türkiyədə xalqın demokratik yolla iradəsini nümayiş etdirərək seçdiyi prezidenti, hökuməti var. Xalq da onlarla birdir, onların arxasındadır. Bu çevriliş cəhdinin Türkiyə tarixində son çevriliş cəhdi kimi yadda qalacağını düşünürəm", — N. Məmmədov bildirib.