Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 14 iyul — Sputnik. Bu gün "Azərbaycan üçün Öyrət" təhsil proqramı çərçivəsində həyata keçirilən "Təhsil avtobusu" yay məktəbinin Lənkəranda açılışı keçirildi. Təhsildə Lənkəran Şəhər Təhsil Şöbəsinin rəsmiləri, Kapital Bankın Lənkəran şəbəsinin nümayəndəsi, layihənin tərəfdaşı olan digər nümayəndələri iştirak ediblər.
Layihə ilə bağlı keçirilən mətbuat konfransı zamanı, layihənin ictimaiyyətlə əlaqələr üzrə meneceri Maral Mustafazadə bildirib ki, 13-21 iyul tarixlərində baş tutacaq "Təhsil Avtobusu" yay məktəbi Lənkəran, Quba, Şəki, və Gəncə şəhərlərini əhatə edən təhsil marafonudur. Yay məktəbi zamanı müəllim, təlimçi ekspert və ictimai simalardan ibarət xüsusi heyət "Təhsil Avtobusu"nda Bakı şəhərindən yola düşərək Lənkəran, Quba, Gəncə və Şəki marşrutu üzrə səyahət edir.
Bu bölgələrdə akademik göstəriciləri zəif olan məktəblərin şagirdləri üçün, hər biri 2 gün olmaqla yay məktəbi təşkil olunur. Yay məktəbləri çərçivəsində şagirdlər üçün dərslər, fərdi inkişaf təlimləri və intellektual yarışlar təşkil olunur. Maral Mustafazadə onu da əlavə edib ki, layihə Təhsil Nazirliyi ilə Kapital Bankın tərəfdaşlığı, "İstək liseyi", "Şərq-Qərb" Nəşriyyat Evi, STEM təhsil mərkəzi, GR8 Şəxsi İnkişaf Proqramı, Azərbaycan intellektual Klublar Assosiyasiyası, "Youthİnc", Gənclərin Sahibkarlıq proqramı, SABAH qrupları və "Bir" Tələbə-könüllü proqramının dətəyi ilə həyata keçirilir.
Qeyd edək ki, "Azərbaycan üçün Öyrət" təhsil proqramı "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq, ümumi təhsil məktəblərində keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edən təhsil platformasıdır. Proqramın məqsədi korporativ sosial məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, əlavə təhsil imkanları ilə şagirdlərin bilik və dünyagörüqnüşünün artırılmasıdır.