Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Sərhəd bölgələrində yaşayan əhalinin dolanışığı çətinləşəcək

© Sputnik / Hikmet OrhunSınıq Körpü
Sınıq Körpü - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlərin fikrincə, gömrüklə bağlı qəbul edilən yeni dəyişikliklər qaçaqmalçılığın artmasına da zəmin yaradacaq

BAKI, 14 iyul — Sputnik. "Nazirlər Kabineti tərəfindən "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları"nda edilən dəyişikliklər vətəndaşlara çətinliklər yaradacaq".

© Photo : SİA IAЭксперт-экономист Рашад Гасанов
Эксперт-экономист Рашад Гасанов - Sputnik Azərbaycan
Эксперт-экономист Рашад Гасанов

Bunu Sputnik-ə açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib. "Xüsusilə sərhəd bölgələrində yaşayanlar qanunvericiliklə icazə verilmiş limitlər çərçivəsində, qısa müddətli dövrlərlə, digər ölkələrə keçməklə ərzaq məhsullarını ölkəyə gətirirdilər. Sərhəd bölgəsində yaşayan vətəndaşlar bu imkanlardan istifadə edib öz gündəlik dolanışıqlarını müəyyən qədər təmin edə bilirdilər. Yeni qaydalar bu kimi halların aradan qaldırılmasına gətirib çıxardı", — deyə o bildirib.

Digər tərəfdən, ekspert dəyişikliklərin müsbət tərəflərinin olduğunu da qeyd edib: "Əvvəlki dövrlərdə anlaşılmazlıqlar yaranırdı və bir çox hallarda gömrük-keçid məntəqələrində vətəndaşlarla gömrük məmurları arasında problemlərə gətirib çıxarırdı. Güzəştli şərtlərlə daxil olan məhsullar gömrük ödənişlərindən azad olunduğu üçün bu, dövlət büdcəsinin gəlirlərinə də mənfi təsir göstərirdi. Gömrük-keçid məntəqələrində sıxlıq meydana gəlirdi. Sözügedən dəyişiklik bu kimi halların aradan qaldırılmasına xidmət edəcək".

"Dəyişikliyə əsasən, ərzaq məhsullarının həcmi 3 dəfə artırılaraq 10 kiloqramdan 30 kiloqrama çatdırılıb. Əvvəlki şərtlərlə isə hər hansı bir vətəndaş gün ərzində bir dəfə qonşu ölkəyə keçib qayıdırdısa, bu zaman orta hesabla ay ərzində 200-250 kiloqrama qədər ərzaq məhsulları ölkəyə gətirə bilirdi. Bu da hazırda təsdiq olunan qaydalardan 7-8 dəfə artıq göstəricidir. İnsanlar bununla öz dolanışığını təmin edirdilər. Amma bu dəyişikliklər digər tərəfdən müəyyən qədər dövlət büdcəsindən yayınmaların, qeyri-qanuni biznes fəaliyyətinin qarşısını alır. Eyni zamanda, bu, prosedurları sadələşdirir", — R. Həsənov bildirib.

İqtisadçı qeyd edib ki, bu dəyişikliklər qaçaqmalçılığın artmasına təsir göstərə bilər: "Eyni zamanda, hansısa formada gömrük məmuru ilə vətəndaş arasında qeyri-qanuni razılaşmalara gətirib çıxara bilər. Düşünürəm ki, zaman-zaman bu kimi halların, cəhdlərin sayı azalacaq. İstənilən halda bu, bölgə əhalisinin sosial rifahı baxımından müsbət qiymətləndirilə bilməz. Amma qanunların işləməsində, təmin edilməsində müsbət məqam kimi qeyd etmək lazımdır".

İqtisadçı-ekspert Natiq Cəfərli də yeni dəyişikliklərin bir sıra sıxıntılara səbəb olacağını düşünür. "Əvvəllər hər gün 10 kiloqram ərzaq gətirmək mümkün idi və bəzi sərhəd bölgələrində yaşayan əhali bunu biznesə çevirmişdi. Çünki, insanlar Gürcüstan, ya Rusiya, ya İran ərazisindən ayda təqribən, 300 kiloqrama yaxın məhsul gətirə bilirdilər. İndi bir dəfəyə gətirilən həcm artırılsa da, ümumi miqdarda xeyli azalma olacaq", — o, Sputnik-ə açıqlamasında bildirib.

© Photo : N.Cəfərlinin şəxsi arxiviNatiq Cəfərli, iqtisadçı-ekspert
Natiq Cəfərli, iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Natiq Cəfərli, iqtisadçı-ekspert

"Hökumət nəzərə almalıdır ki, Azərbaycanda devalvasiyaların olmasına baxmayaraq, hələ də qiymətlər qonşu ölkələrdən bahadır. Ona görə insanlar gedib həmin ölkələrdən şəxsi istehlakçıları üçün ərzaq alıb gətirirlər. Bunu biznesə çevirənlər üçünsə, başqa forma düşünmək lazımdır. Ən azından qanuniləşdirib, hesabatlılığı artırıb müəyyən dərəcədə büdcəyə vergi cəlb etməyə nail olmaq olardı", — N. Cəfərli qeyd edib.

İqtisadçının fikrincə, hazırki şəraitdə isə, neqativ hallar meydana çıxacaq: "İnsanlar başqa yollarla daha çox məhsul gətirməyə çalışacaqlar. Bu da qeyri-qanuni ödənişlərin həcmini artıra bilər. Yəni, gömrükdə nə qədər məhdudiyyətlər çox olursa, bir o qədər qeyri-qanuni ödənişlərə şərait yaradır".

Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev, sözügedən dəyişikliklərin nizam-intizam yaratmaq və ölkə iqtisadiyyatına, dövlət büdcəsinə vurulan zərərin qarşısını almaq məqsədi daşıdığını bildirib: "Yeni dəyişikliklərə əsasən, ölkəyə gətirilən ərzaqlar üçün limit 30 kiloqramadək qaldırılıb. Ümumilikdə, dəyişikliklərin məqsədi nizam-intizam yaratmaq və ölkə iqtisadiyyatına, dövlət büdcəsinə vurulan zərərin qarşısını almaqdır. Biz dəfələrlə mətbuat vasitəsilə bununla bağlı açıqlamalar vermişik, amma yenə də təəssüf hissi ilə qeyd edirəm ki, bizim vətəndaşlarımız verilən imtiyazlardan sui-istifadə edirdi. Bu, daha çox sərhəd bölgələrinin əhalisinə aiddir. Hər dəfə 3 blok siqaret, 3 litr spirtli içki, 10 kiloqram ərzağın gətirilməsinə icazə verilirdi".

"Təəssüflər olsun ki, bəzi vətəndaşlarımız az qala hər gün bu işlə məşğul olurdu. Hətta bəziləri neytral ərazi deyilən yerdən bu məhsulları toplayırdı və ölkə ərazisinə vergi ödəmədən gətirirdi. Hətta gömrük sərhəd məntəqələrində ictimai asayişi pozanlar da var idi. Nazirlər Kabinetinin son qərarı çox gözəl şəkildə bunu tənzimləyir", — Komitə sədri vurğulayıb.

Qeyd edək ki, qaydalar fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycanın gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarını müəyyən edir. Əgər indiyədək 10 kiloqrama qədər ərzaq məhsulları (nərə cinsli balıq istisna olmaqla) və 125 qrama qədər nərə cinsli balıq kürüsü gömrük ödənişlərini ödəmədən gömrük sərhədindən keçirilibsə, dəyişikliyə əsasən artıq hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisinə gətirilən 30 kiloqrama qədər müxtəlif növ ərzaq məhsulları və 5 kiloqrama qədər nərə cinsli balıq və 125 qrama qədər nərə cinsli balıq kürüsü güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə biləcək.

Bu hallarda nəzərdə tutulan müddətlə bağlı məhdudiyyətlər hava nəqliyyatı vasitəsilə gömrük sərhədindən keçirilən müşayiət olunan baqaja şamil edilmir. Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

Xəbər lenti
0