BAKI, 13 iyul — Sputnik. "Şotlandiyanın müstəqilliyi barədə referendum yaxın iki il ərzində keçirilə bilər".
Sputnik Report-a istinadən xəbər verir ki, bunu Şotlandiyanın birinci naziri, xanım Nikola Stercen deyib. "Böyük ehtimalla Şotlandiyanın müstəqilliyi haqqında referendum Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasının həyata keçiriləcəyi 50-ci maddə fonunda yaxın iki ildə keçiriləcək. Amma hələlik belə qərar qəbul etməmişəm. Sadəcə, bu variant mümkün gedişat kimi gündəmdədir", — deyə, o, xarici jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
"Bu, Aİ-dəki üzvlüyümüzü qorumaq üçün yeganə yol olsa, şotlandları hüquqlarının qorunmasını təmin etməyə çağıracağıq", — birinci nazir söyləyib.
Qeyd edək ki, iyunun 23-də keçirilən referendumda britaniyalıların əksəriyyəti Aİ-dən çıxmağa səs vermişdisə, şotlandlar Avropa İttifaqındakı üzvlüyün qorunmasını dəstəkləmişdi. Bundan sonra N.Stercen Şotlandiyanın müstəqilliyi barədə yeni referendum keçirilməsini istisna etmədiyini bildrimişdi.