Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Əsas gəlir mənbəyimiz tükənir

© Sputnik / Murad OrujovSuraxanıda neft nasosu. Arxiv şəkli
Suraxanıda neft nasosu. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
OPEC Azərbaycanın neft hasilatı ilə bağlı bədbin proqnoz açıqlayıb. Ekspertlərin fikrincə, bu proses ölkənin valyuta gəlirlərinə ciddi təsir göstərəcək.

BAKI, 13 iyul — Sputnik. 2016-cı ildə Azərbaycanda sutkalıq neft hasilatı 0,85 mln. barel təşkil edəcək ki, bu da 2015-ci illə müqayisədə sutkada 10 min barel azdır. Bu barədə OPEC-in açıqlamasında deyilir.


"Yeni layihələrin olmaması səbəbindən 2017-ci ildə Azərbaycanda gündəlik neft hasilatı 40 min barel azalacaq", — deyə sənəddə bildirilir.Sənədə əsasən, iyun ayında sutkalıq hasilat may ayı ilə müqayisədə 10 min barel azalaraq 0,78 mln. barelə çatıb. Ötən ilin iyun ayı ilə müqayisədə isə bu ilin iyun ayında hasilat 20 min barel artıb. OPEC bildirir ki, Azərbaycanda hasil olunan neftin əsas mənbəyi "Azəri-Çıraq-Günəşli" yataqlar blokudur.

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik-ə açıqlamasında bildirib ki, hasilatın azalması gözlənilən idi: "Mütəxəssislər uzun zamandır məlumat verirdilər ki, Azərbaycanda hasilatın pik dövrü artıq geridə qaldı. Pik dövrünün geridə qalması hər il Azərbaycanda neft hasilatının azalması ilə müşahidə olunacaq və 2020-ci ilədək biz bu azalmanı hər il hiss edəcəyik".

"OPEC-in proqnozlarına görə, bu il günlük 10 min barel, gələn il isə 40 min barel azalma gözlənilir. Aşağı neft qiymətlərini də nəzərə alsaq, bu, Azərbaycanın valyuta gəlirlərinə ciddi təsir göstərəcək", — iqtisadçı bildirib.

Mütəxəssisin sözlərinə görə, gələn il neftin ortalama qiymətinin 50 dollar olma ehtimalı var: "50 dollardan hesablasaq belə, hasilatın azalması günlük iki milyon dollar itki deməkdir. Bu, Azərbaycana günlük iki milyon dollara yaxın az vəsaitin daxil olması ilə müşahidə olunacaq. Daxili istehlakın da artdığını nəzərə alsaq, xaricə satış üçün çıxardığımız neftin həcmində də müəyyən azalmalar müşahidə olunacaq ki, bu da ölkəyə valyutanın gəlişinin azalmasına səbəb olacaq".

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə isə, OPEC-in öz hesabatında nəyə əsaslandığı məlum deyil: "OPEC gələn il üçün Azərbaycana analoqu olmayan, çox pessimist bir proqnoz verib. Neft hasilatının 40 min barel azalmasını göstərir, lakin nəyə əsaslandığı, necə və nəyə görə belə etdiyini demək çətindir. Bu, çox böyük bir rəqəmdir, illik həcmdə iki milyon ton edir. Belə bir şey yoxdur".

Onun sözlərinə görə, OPEC-in məntiqi ilə, əgər bu il Azərbaycan 41 milyon ton ətrafında neft hasil edirdisə, onda hasilat 39 milyonadək azalmalı idi: "Bu isə heç inandırıcı deyil"."Bizdə hökumətin ən bədbin proqnozu 2016-cı il üçün idi. 2016-cı ildə sutkalıq hasilat 20 min barel aşağı düşməli idi, yəni bir milyon ton. Çox güman ki, hasilatın azalması da belə həddə olmayacaq. Çünki birinci rübdə hasilatın stabilliyi qorunub, ikinci rübdə də ötən ilin müvafiq dövrü ilə müqayisədə azalma tempi yüksək olmayıb", — iqtisadçı vurğulayıb.

İ. Şaban onu da bildirib ki, gələn il neftin qiymətində 12-20% artım gözlənilir: "Bütün beynəlxalq enerji agentlikləri, dünyanın aparıcı bankları, elə OPEC-in özü də 2017-ci ildə neftin orta illik qiymətinin 2016-cı illə müqayisədə, minimum 15-20% artacağını proqnozlaşdırır. Çünki cari il üçün neftin orta qiyməti 41-43 dollar, gələn il üçün isə 52-55 dollar arasında proqnoz edilir".

"Təqribən aprel ayının sonundan indiyədək bazarda faktiki stabillik yaranıb. Orta qiymət 47-48 dollar ətrafındadır. Bu onun göstəricisidir ki, indiki qiymətlər həm hasilatçılar, həm də istehlakçılar üçün optimaldır", — ekspert vurğulayıb.

Xəbər lenti
0